
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarında 1984-cü il
Amritsar hadisələrinin ildönümü ilə əlaqədar video paylaşılıb.
Trend
xatırladır ki, iyunun 3-də Bakı Dövlət Universitetində Bakı
Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İyun 1984, Amritsar
hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli
repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans
keçirilib.
Hindistan hökumətinin repressiv və sistemli ayrıseçkilik
siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri ilk dəfə
olaraq Azərbaycanda keçirilən tədbirə qatılıblar.
Tədbirdə Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə
Zikh və Dalit diasporalarının nümayəndələri və onların ailə
üzvlərinə qarşı həyata keçirdiyi iddia olunan transmilli repressiya
və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində
saxlanılması məsələləri müzakirə edilib.
Konfrans çərçivəsində 1984-cü ilin iyun ayında Amritsar
hadisələri zamanı Zikh icmasına və onların dini-mədəni dəyərlərinə
qarşı həyata keçirilmiş hücumlar, zorakılıq aktları və insan
itkiləri ilə bağlı məsələlər, həmçinin bu hadisələrə beynəlxalq
səviyyədə hüquqi qiymət verilməsi və Hindistanın etnik azlıqların
hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinin icrası mövzuları da
müzakirə olunub.
Qeyd edək ki, 1984-cü ilin iyun ayının əvvəlində Hindistan
hökuməti tərəfindən Zikh icmasının müqəddəs dini məkanlarından biri
hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə
qarşı silahlı əməliyyat həyata keçirilib. Beynəlxalq qeyri-hökumət
təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələrinə
istinadla həmin hadisələr nəticəsində Amritsar və ətraf ərazilərdə
8 minədək mülki şəxsin həlak olduğu qeyd edilir.
https://www.instagram.com/p/DZMYhHgte49/
https://www.youtube.com/watch?v=S6KxQC-zHQo
https://www.facebook.com/share/v/1AqSjpPGZi/
https://www.tiktok.com/@bakuinitiativegroup/video/7647789128636976391
https://x.com/bakuinitiative/status/2062777846435631586
https://www.linkedin.com/feed/update/urn:li:activity:7468544012837085184

