
Bakı. Trend:
İyun ayında dünya okeanlarının səth temperaturu rekord həddə
yüksəlib.
Xarici mediada yayılan məlumata görə, avropalı alimlər bunun
hava şəraiti, qlobal iqlim və dəniz ekosistemləri üçün ciddi
nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin açıqladığı məlumata görə,
iyunun 21-də qütb bölgələrindən kənarda okean səthinin temperaturu
2023 və 2024-cü illərin eyni dövründə qeydə alınan rekord
göstəriciləri üstələyib.
Mütəxəssislər bildirirlər ki, bu rekord göstərici son
onilliklərin ən güclü El Nino hadisələrindən birinin ilkin
mərhələləri ilə üst-üstə düşür. Onların fikrincə, bu vəziyyət
ekstremal hava hadisələrinin, qlobal istiləşmənin təsirlərinin və
dəniz ekosistemlərində dəyişikliklərin daha da güclənməsinə səbəb
ola bilər.
Xatırladaq ki, 2023-cü ildə qeydə alınan əvvəlki rekord alimlər
tərəfindən “narahatedici” və “gözləniləndən daha ciddi” tendensiya
kimi qiymətləndirilmişdi. Həmin dövrdən sonra dünyanın müxtəlif
bölgələrində güclü isti dalğaları, daşqınlar və fırtınalar müşahidə
olunmuşdu. Cari ilin iyun ayında isə rekord yenidən yenilənib. Son
həftələr Böyük Britaniya və Avropanın bir sıra ölkələrində yüksək
temperatur qeydə alınıb, Antarktidada isə qış mövsümünə baxmayaraq,
normadan xeyli isti hava şəraiti müşahidə edilib.
Alimlər vurğulayırlar ki, quru üzərindəki temperatur
göstəricilərindən fərqli olaraq, okeanların temperaturu Yer
kürəsinin istilik balansındakı dəyişiklikləri daha dəqiq əks
etdirir. Okean səthinin temperaturu günəş radiasiyası, okean
axınları və dərin qatlarda toplanan istilik ehtiyatlarından asılı
olaraq formalaşır.
Mütəxəssislərin hesablamalarına görə, okeanlar insan fəaliyyəti
nəticəsində yaranan artıq istilik enerjisinin 90 faizdən çoxunu
udur. Bu istiləşmənin əsas səbəbi isə neft, kömür və təbii qaz kimi
qalıq yanacaqların istifadəsidir. Ötən il okeanlarda toplanan əlavə
istilik enerjisi 23 zetacoul səviyyəsinə çataraq son 20 ilin orta
göstəricisini təxminən iki dəfə üstələyib.

