
“Azercell” ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək
olub. Şirkət “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib.
“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif
qruplarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu dəfə şirkət “Üçüncü Bahar” İctimai
Birliyinin üzvləri və əməkdaşları üçün xüsusi təlim proqramı təşkil edib.
Layihənin əsas məqsədi ahıl insanların sosial fəallığının artırılması, dəyişən dövrün tələblərinə
uyğun bilik və bacarıqlar əldə etmələrinin təşviqi olub. Təşəbbüs eyni zamanda onların gündəlik
həyat və ictimai fəaliyyətlərində istifadə edə biləcəkləri praktiki bacarıqların inkişafına dəstək
göstərib.
Azercell Akademiyasının peşəkar təlimçiləri tərəfindən keçirilən sessiyalar effektiv ünsiyyət və
informasiya təhlükəsizliyi mövzularını əhatə edib. İnteraktiv formatda təşkil olunan təlimlər
iştirakçılara həm nəzəri biliklər qazanmağa, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə imkan
yaradıb.
Eyni zamanda, “Üçüncü Bahar” İB-nin əməkdaşlarının peşəkar bacarıqlarının inkişafı məqsədilə
onlar üçün emosional intellekt və biznes etiketi mövzularında sessiyalar keçirilib.
Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyi ahıl insanların aktiv və sağlam həyat tərzinin təşviqi,
sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının inkişafına yönəlmiş
fəaliyyət həyata keçirən qeyri-hökumət təşkilatıdır.
Azercell cəmiyyətin müxtəlif yaş və sosial qruplarının inkişafına yönəlmiş layihələr vasitəsilə inklüziv
inkişafın təşviqinə və insanların müasir dövrün çağırışlarına uyğun bacarıqlar əldə etməsinə töhfə
verməyə davam edəcək.

