
Bakı.Trend:
İspaniya Milli Polisi XVII əsr Sevilya rəssamı Lukas Valdes
tərəfindən çəkilmiş iki yağlı boya tablosunu aşkarlayıb.
Trend xəbər verir
ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı
press-relizdə bildirilib.
Məlumata görə, xəstəxanaya məxsus olan tablolar təxminən bir əsr
əvvəl yoxa çıxıb. Araşdırma 2025-ci ilin sentyabrında Mədəniyyət
Nazirliyinin polisə müraciətindən sonra başlayıb. Nazirlik hərrac
evlərindən birinin kataloquna daxil edilmiş iki əsərin Sevilyadakı
xəstəxana kilsəsindən oğurlanmış ola biləcəyini bildirib.
Tablolar bibliya səhnələrini əks etdirən iki oval formalı sənət
əsəridir. Onlar 1929-cu ildə Sevilyada keçirilən İbero-Amerika
sərgisində nümayiş etdirilməsi üçün təqdim edilib. Lakin sərgi başa
çatdıqdan sonra əsərlər geri qaytarılmayıb və onların yeri uzun
müddət naməlum qalıb.

