
Bakı. Trend:
“Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə
WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlanıb. Sənəd WUF13-də
iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub. “Bakı
Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb.
Trend xəbər verir ki, sənəddə deyilir:
“Biz – WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti
təşkilatlarının nümayəndələri olaraq aşağıdakıları bəyan
edirik:
– Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər
dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik
edirik. Forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər
inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin
prioritetləri sırasına daxil etdi;
– dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin
təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki
bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib
metodoloji nümunədir. Bu xüsusda biz “Azərbaycan təcrübəsi”nin
dünyanın postmünaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq
etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını
təklif edirik;
– WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF
prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir
mərhələdir;
– müxtəlif ölkələrdən 1000-dən çox QHT-ni özündə birləşdirən
Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının
çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş
cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP
şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil
imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal
həmrəylik aktı kimi çıxış edir. Biz “UN Habitat”ı bu təşəbbüsü
dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti
tərəfdaşı kimi tanımağa və bu modeli gələcək Forumların daimi
komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini
sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik
Mərkəzinin yaradılmasını təklif edirik;
– Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan
mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı,
davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha
əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq;
– Qarşıdakı WUF sessiyalarının WUF13 təcrübəsinə əsaslanan birgə
əməliyyat qaydalarının hazırlanması ilə bağlı Niyyət Məktubundan
irəli gələrək, “Bakı Standartı”na uyğun təşkil olunmasını təşviq
edirik”.
22 may 2026-cı il, Bakı, Azərbaycan.
Qeyd edək ki, “Bakı Bəyannaməsi” “Global South NGO Platform”un
(GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı
ilə cari il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş “WUF13
NGO Forum”dan üç gün sonra qəbul edilib. 800-ə yaxın xarici və
yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş “WUF13 NGO
Forum”dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici
QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub.
“WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma
Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan
edib ki, bu Forum WUF üçün tarixi hadisədir. BMT-nin Cənub-Cənub
Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib “Global South NGO
Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda
təsis olunmasına görə Azərbaycanı təbrik edib. “UN-Habitat”ın İdarə
Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və
xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə
təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə
“Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin
prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində
tətbiqinin real təzahürüdür.

