
Bakı. Trend:
Cənubi Koreyanın “Samsung” korporasiyası artıq dünyanın lider
televizor istehsalçısı deyil.
Trend-in
məlumatına görə, bu barədə “Counterpoint Research” (CR) şirkətinin
hesabatında bildirilir.
Bu IT nəhəngi uzun müddət televizor bazarında mübahisəsiz lider
olub. Lakin CR-in noyabr hesabatında “Samsung”un bazar payının 17
faiz, əsas rəqibi olan Çinin “TCL” şirkətinin payının isə 16 faiz
olduğu göstərilib. Analitiklər 2025-ci ilin dekabr ayının
nəticələrinə əsasən “TCL”in “Samsung”u geridə qoyduğunu
təsdiqləyiblər.
“TCL”in bazar payı 16 faiz olub. “Samsung” isə 13 faizlə ikinci
yerə düşüb. Sonrakı yerlərdə müvafiq olaraq 12, 8 və 5 faiz payla
“Hisense”, “LG” və “Walmart” qərarlaşıb.
“Bir neçə aydır “TCL” bazardakı mövqeyini gücləndirir. İlin
sonundakı kəskin artım şirkətə dekabr ayında “Samsung”u geridə
qoymağa imkan verdi. Bu, cəmi bir ayın nəticəsi olsa da, “TCL”in
tədarük həcmi illik müqayisədə davamlı artım göstərir”, – deyə
CR-in tədqiqatlar üzrə direktoru Bob O’Brayen bildirib.

