Azərbaycanın da iştirak etdiyi regional rəqəmsal dəhliz layihəsi AİB tərəfindən təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da daxil olduğu Asiya və
Sakit okean regionunu əhatə edən yeni texniki yardım layihəsini
təsdiqləyib.

Trend banka
istinadən xəbər verir ki, “Asiya və Sakit okean regionunda
dayanıqlılıq, infrastruktur, məlumat və açıq tənzimləmələr
vasitəsilə sərhədlərarası imkanlar (CORRIDOR)” adlı təşəbbüs
regional rəqəmsal inteqrasiyanın gücləndirilməsinə yönəlib.

Layihə çərçivəsində Azərbaycanla yanaşı Banqladeş, Gürcüstan,
Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin,
Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da
iştirak edəcək.

AİB-nin 1 milyon ABŞ dolları həcmində maliyyələşdirdiyi texniki
yardım proqramı regionda təhlükəsiz, inklüziv və qarşılıqlı işlək
rəqəmsal infrastrukturun formalaşdırılmasını hədəfləyir. Layihə
Asiya-Sakit okean Rəqəmsal Magistralı (APDH) təşəbbüsünün əməliyyat
mexanizmi kimi çıxış edəcək.




Təşəbbüs çərçivəsində fiber-optik şəbəkələr, məlumat mərkəzləri,
bulud xidmətləri və rəqəmsal ictimai infrastrukturun inkişafı,
sərhədlərarası ticarətin rəqəmsallaşdırılması, “ağıllı sərhəd”
sistemlərinin qurulması, kibertəhlükəsizlik və məlumat idarəçiliyi
üzrə vahid qaydaların hazırlanması nəzərdə tutulur.

Layihə həmçinin region ölkələri arasında rəqəmsal siyasətlərin
uyğunlaşdırılması, texnoloji innovasiya ekosistemlərinin inkişafı
və süni intellekt əsaslı həllərin tətbiqini dəstəkləyəcək.

AİB qeyd edib ki, təşəbbüsün əsas məqsədi region ölkələrinin
sərmayəyə hazır rəqəmsal dəhliz modelləri, tənzimləyici çərçivələr
və institusional potensial formalaşdırmasına dəstək verməkdir.
Layihədə gender bərabərliyi və inklüzivlik məsələləri də xüsusi
prioritet kimi müəyyənləşdirilib.