
Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində müasir Azərbaycan dövlətinin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü münasibətilə musiqili tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək
Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin, Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin
və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə
baş tutub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev görkəmli dövlət
xadimi, Ümumilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin
qorunması, möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin
formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib. Səfir
bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi
sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlət institutları
gücləndirilib və ölkəmizin gələcək inkişafının təməli qoyulub. Ulu
Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində
Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına
çevrilib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə Ulu Öndər Heydər
Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi xüsusi qeyd olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm
Abdullayev çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin
dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və
ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna
xidmətlərindən danışıb. Ulu Öndərin strateji kursunda Almaniya ilə
münasibətlərin inkişafının xüsusi yer tutduğunu vurğulayıb və bu
gün Azərbaycan-Almaniya əməkdaşlığının iqtisadiyyat, təhsil,
innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam etdiyini
diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. Ümummilli
Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Elegiya” və
digər musiqi əsərlərinin Xalq artisti Faiq Sücəddinov tərəfindən
səsləndirilməsi tamaşaçıları heyran edib. Xalq artisti Əlixan
Səmədovun balabanda əsrarəngiz ifası isə unudulmaz təəssürat
yaradıb.
“Simurq” muğam ansamblının ifasında Azərbaycan muğamlarından və
xalq mahnılarından ibarət konsert proqramı böyük maraq və
alqışlarla qarşılanıb. Əməkdar artist Şölə Səfərəliyevanın və
Mirələm Mirələmovun ifaları hər kəsin zövqünü oxşayıb.
Konsert proqramında Əməkdar artist Kamran Kərimovun (nağara),
Elnur Mikayılovun (kamança), Anar Vəlizadənin (balaban), Zəki
Vəliyevin (tar), İdris Hüseynovun (ud) və Vasif Huseynin (piano)
ifaları tədbirə xüsusi musiqi ovqatı bəxş edib.


