Yaxın illərdə Baş nazir postundan getməyi planlaşdırmıram – Starmer

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer bəzi parlament
üzvlərinin istefa çağırışlarına baxmayaraq, qarşıdakı illərdə
hökumətə rəhbərlik etməyə davam etmək niyyətində olduğunu
açıqlayıb.

Trend xəbər verir ki,
o, bu barədə “The Daily Mirror” nəşrinə müsahibəsində danışıb.

“Biz hər zaman milli dirçəlişin onilliyi barədə danışmışıq. Ölkə
bizə çox ağır vəziyyətdə miras qalıb. Söhbət yalnız zəifləmiş
iqtisadiyyatdan getmir. Dövlət xidmətləri ciddi şəkildə zərər
görüb. Əslində vəziyyət gözlədiyimizdən də ağır idi. Buna görə də
10 illik yenilənmə proqramına ehtiyac var”, – deyə Starmer
bildirib.

O qeyd edib ki, 2029-cu ildə keçiriləcək növbəti ümumi
seçkilərdə də Leyboristlər Partiyasına rəhbərlik etməyi
planlaşdırır.




Mümkün istefası ilə bağlı suala cavab verən Baş nazir vəzifəsini
tərk etmək niyyətində olmadığını vurğulayıb.

“2024-cü ilin iyulunda seçildiyim bu vəzifədən ayrılmaq planım
yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, mayın 7-də Böyük Britaniyada yerli özünüidarəetmə
orqanlarına seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən,
Leyboristlər Partiyası tarixində ilk dəfə olaraq Uels Parlamentində
nəzarəti itirib.

Bundan sonra leyborist deputat Ketrin Uest Nazirlər Kabinetinin
üzvlərini Starmeri hakimiyyətdən uzaqlaşdırmağa çağırıb. Onun
fikrincə, Starmerin hökumətə və partiyaya rəhbərliyi davam edərsə,
bu, leyboristlərin növbəti ümumi seçkilərdə ağır məğlubiyyəti ilə
nəticələnə bilər.