Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

Baş səhifə

Bakı. Trend:

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə
görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

Trend xəbər verir ki,
dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür.
Uzun fasilədən sonra siz doğma vətənə – Zəngilan şəhərinə
qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim
görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın
işğaldan azad olunması idi. Biz – onun davamçıları onun vəsiyyətini
yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq
Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq
öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır.
Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz
müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o
illəri yaxşı xatırlayır – 1993-cü ildə nəinki ərazi bütövlüyümüz,
müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik
etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın
işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına
məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı
hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində
vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan
Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın,
dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti
nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş
müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi
hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı
və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun
Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi
və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə
idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə
nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti
nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən
gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də
orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi
adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir
biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar
birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz
faktiki olaraq quldurların əlində idi.

Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt
müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü
siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu
Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç
vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz
buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi
bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq,
güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini
gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də
çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər
təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi
dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o
vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr.
Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində
dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan
ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik
Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq.
Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək
və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı
verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa
ölkələr də bizim qələbəmizi istəmirdilər.

Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında
demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik,
əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi,
xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir
yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər –
Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik.

Təbii ki, o vaxt müharibənin davam etdirilməsi məqsədəuyğun
deyildi və sonrakı hadisələr bunu əyani şəkildə göstərdi. Şuşanın
işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli
qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə
qalmışdı. O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki,
qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla,
faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan
ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq
bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa,
Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr
də verilmişdir və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti
məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim
tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından
çıxmışdı.

Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara
təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda
qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki
gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına
qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar – bütün
bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat
davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu,
separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz
suverenliyimizi tam bərpa etdik.

Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil
bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir –
məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur
mənbəyimizdir, bu, əbədi belə olacaq.

Əlbəttə ki, bir daha qayıdıram Ulu Öndərin siyasi mirasına.
Həlledici məqam məhz 1993-cü ildə idi, oktyabr ayında Prezident
vəzifəsinə seçiləndən sonra bütün o mənfi meyillərin qabağı alındı.
Düzdür, o vaxt bizim imkanlarımız çox məhdud idi, çoxlu problemlər
var idi, bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti
idi. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci
ildə çadır şəhərcikləri qalmamışdır, orada vaxtilə məskunlaşmış
insanları biz evlərə, mənzillərə köçürdük. İşğal dövründə hər dəfə
keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə
görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar
azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax,
bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir
daha təsdiqləyir.

İşğalın fəsadlarını aradan qaldırmaq – bu da çox çətin bir
prosesdir. Minalar, torpaqların demək olar ki, işğalçılar
tərəfindən zəhərlənməsi, ekosid. Bax, bu Bəsitçay dünyaca məşhur
olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük
çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının
qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv
edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb.
Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar
tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın
rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm
düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan
xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan
nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər
araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana
qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də
biz ayıq olmalıyıq.

Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də
bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik,
istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu
Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da
bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki,
bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar
acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də
Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi
göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi
də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da
Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da
işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək
əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən
onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək
niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq
niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində
Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o
vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları
parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə
göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən
Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq.
Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi
göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu
aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı
cəfəngiyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq,
əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki,
Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə
nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə
gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.

Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək
azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün
hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir.
Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə,
peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz
buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də
birə-on artdı.

Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq
mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə
olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir.
Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz,
sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz.
Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə
bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində
bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə
olmamışdır. Özü də biz bu müharibəni bütün beynəlxalq humanitar
normalara uyğun aparmışıq, Ermənistandan fərqli olaraq. Onlar bizim
şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik
uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı müharibə
aparırdılar həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ
müharibəsində. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki
obyekti dağıtmamışdıq.

Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan
Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su
verək. Bax, fərq budur. Mən indi daha dərinə getmək istəmirəm, hər
bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə
budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri
deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki,
onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul
idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir
qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir
davranış idi – kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə
çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran
bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq
budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz
belə.

Ona görə bilirsiniz, yenə də deyirəm, bu gün dünyada bizə olan
hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni
müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar
qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi. Yaxşı,
30 il bu Zəngilan onların əlində idi, daşı-daş üstə qoyardılar da
əgər bu, onların torpağıdırsa. Zəngilanın o dağılmış məscidini biz
konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik
ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi
abidələrimizi. Bu, onların idisə, tikib qurardılar da. Cəmi beş il
keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri
aparılır – yollar, körpülər, elektrik stansiyaları, su anbarları,
köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər.
Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr
də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və
qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq,
o cümlədən Zəngilan rayonunda. Bu, şəhərdə birinci yaşayış
məhəlləsidir, hələ ikinci, üçüncü olacaq. Bu layihələrin bəziləri
təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək.
Zəngilanda ermənilər tərəfindən dağıdılmış dediyim o məscidin
yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan
Zəngilan məscidini inşa etdik. Zəngilanda, əslində, birinci yaşayış
məntəqəsi qurulmuşdur, Ağalı kəndində. Bu da demək olar ki,
Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında
Məmmədbəyli kəndi salınıbdır. Şəhər genişlənəcək.

Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə
də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda yaradılmışdır və mənə verilən
məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş
cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın
torpaqda da işlər gedir.

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı
nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə
çevirəcəyik.

Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə – bəlkə də bir il, il
yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün
olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il
Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək,
Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq
buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın
ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin
əsas hissəsi ilə birləşdirəcəyik.

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim
təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar
tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq
və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir
yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya
xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və
bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi
olacaq.

Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan
sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki,
bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün,
bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb
dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur,
həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana
və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars
körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz
olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə
qədər bütün planlarımız gerçəkləşib.

Azad olunmuş torpaqlarda görülən işlərlə bağlı biz həm
tələsirdik, həm də hər şeyi düzgün etməyə çalışırdıq. Planlı
şəkildə, strategiya əsasında ki, hər şey düz-əməlli olsun – həm
insanların yaşayışı üçün, məşğulluğu üçün, təhsili üçün, eyni
zamanda, ölkə iqtisadiyyatı üçün. Zəngilan rayonunda görün, beş il
ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdi. Sovet
vaxtında bu yox idi. İndi bu, Zəngilanı belə müstəqil şəkildə tam
enerji ilə təmin edə biləcək, lap burada 200 min əhali yaşasa belə.
Amma biz bütövlükdə artıq sudan 300 meqavatdan çox enerji
götürürük. Bir-iki il ərzində Günəşdən də götürəcəyik, ondan da
çox.

Bütün bunlar ölkənin gücüdür. Yenə də deyirəm, hər şey planlı
şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz
doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə
qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada
nümunəvi olsun və bu da olacaq.

Sizi bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram.

X X X

Sakinlər: Çox sağ olun.