Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir

Baş səhifə

Bakı. Trend:

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz
töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış
məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi
uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi
haqqında fikir formalaşdıran əsaslardan biridir.

Trend xəbər verir
ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer
alıb.

Bildirilib ki, strateji yanaşmanın ilkin təzahürləri Ulu Öndərin
respublikamıza 1969-1982-ci illəri əhatə edən ilk rəhbərliyi
dövründə aydın şəkildə müşahidə olunmuşdur: “Həmin illərdə
sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal
müəssisələrinin yaradılması və infrastrukturun genişləndirilməsi
istiqamətində mühüm addımlar atılmış, ölkə əhəmiyyətli obyektlərin
tikintisi geniş vüsət almışdır. Həyata keçirilən strateji xəttin
mahiyyətində ölkənin yaşayış məkanları üzrə balanslı inkişafı,
sənaye və sosial infrastrukturun paralel şəkildə qurulması,
həmçinin milli memarlıq irsinin müasir urbanizasiya prosesinə
inteqrasiyası kimi fundamental prinsiplər də dayanmışdır. Ulu
Öndərin şəhərsalma və memarlığa olan münasibəti onun dövlət
quruculuğu fəlsəfəsinin məntiqindən irəli gəlirdi.