
Bakı. Trend:
Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır
“O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu
Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi.
O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində
gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz
inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə
bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən
həyatdan getdilər. Biz – onların davamçıları onların işini
tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu
günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin
ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.” Dövlətimizin başçısı
İlham Əliyevin bu fikirləri ilə yazıya körpü salmaq istədik. Çünki
Azərbaycanı canından artıq sevən, “Mən həmişə fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya Vətəni sevməyi
öyrədən, dövlətə, xalqa xidmət nümunəsini göstərən Ümummilli Lider
Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru
azad görmək idi və dahi rəhbərin bunun gerçəkləşdirilməsi
istiqamətində atdığı addımların miqyası ölçüyəgəlməzdir. Çünki Ulu
Öndər ölkənin ən çətin günlərində, müstəqilliyini itirmək, bir
dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini
yaşayanda, torpaqlarımız işğal ediləndə, sabaha ümid itəndə
xalqının səsinə səs verdi. Ümummilli Lider canından artıq sevdiyi
Azərbaycanı xilas etmək üçün xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdanda qarşısında bir sıra həlli vacib məsələlər
dayanırdı ki, onlardan biri torpaqlarımızın işğaldan azad edilməsi,
soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bunun üçün
Azərbaycan bütün sahələrdə güclənməli, müstəqil dövlət kimi özünü
təsdiqləməli, diplomatik mübarizədə üstünlük qazanmalı,
müstəqilliyinin və suverenliyinin qarantı olan ordusunun Qələbəyə
hazırlığını təmin etməli, bir sözlə, Ulu Öndər Heydər Əliyevin
təbirincə desək, dünyaya Günəş kimi doğmalı idi. Ümummilli Lider
düşünülmüş siyasəti ilə Azərbaycanı dünyaya belə təqdim etdi.
Xilaskarlıq missiyası
Tariximizin bu səhifəsini də unutmamalıyıq ki, 1991-ci ildən
1993-cü ilin iyun ayına qədərki dövr Azərbaycanın dövlətçilik
salnaməsində fəlakət illəri kimi xarakterizə edilir. Qısa müddətdə
bir neçə dəfə dəyişilən, Azərbaycana idarə etmək bacarığında,
səriştəsində olmayan səbatsız “rəhbərlərin” bağışlanılmaz səhvləri
üzündən təhlükə ilə üzləşən ölkəmizi parçalamaq istəyən xarici
qüvvələr daxili satqınlardan istifadə etməklə istəklərinə nail
olmağa məqam axtarırdılar. AXC-Müsavat cütlüyünün hakimiyyəti
illərində yaranan vəziyyət isə daha acınacaqlı və dözülməz idi.
Xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi, Azərbaycan Silahlı
Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının
müdafiəçisinə çevrilmişdi. Müstəqilliyimizə təhlükə olan Gəncə
hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər
an alovlana biləcək bir qığılcım idi. O illərdə dövlətçiliyin
əsasları qurulmamışdı. 1991-1993-cü illərdə hadisələri düzgün
qiymətləndirə bilməyən o dövrün iqtidarı xalq qarşısında
gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran
Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışında gördü. Dövlətçilik anlayışından bixəbər
olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən
ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli
proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat
iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər
Əliyevdən imdad dilədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər
Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq
missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda
hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında
qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın
qarşısını aldı. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali
Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Ulu Öndər müstəqil
Azərbayan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya
bir daha Azərbaycan xalqının Ümummilli Liderə sonsuz sevgisinin
təsdiqidir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi…
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.
Müstəqillik tariximizin hər bir mərhələsini müqayisəli təhlil
əsasında indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bugünün
gəncləri həmin dövrün reallıqları barədə çox da məlumatlı deyillər.
Bu baxımdan dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı
çıxışında dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı
xidmətlərindən, Azərbaycanın müstəqilliyimizin ilk illərində
yaşadığı faciələrdən bəhs edərək bu çağırışı etmişdir ki, biz bu
tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu
öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı
geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz
xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu
müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından
yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi
qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan
proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox
keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər.
Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma
prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan
əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə
bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki
olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz
hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə
bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?” Prezident İlham Əliyev,
eyni zamanda, qeyd etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan
gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub
saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt
hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə
əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi
yaşaya bilərdi.
Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla
çıxaran dahi şəxsiyyət
Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb
tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə
apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı
yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat
amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə
özünün yüksək idarəçilik bacarığı və vətənpərvərliyi, polad
iradəsi, uzaqgörən, məqsədyönlü qərarları ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin
inkişafında böyük sıçrayışa nail olmuşdur. Müstəqillik duyğularının
milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər
Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu
Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə
müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan
ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll
etdi. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai,
siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran
vəzifələri düzgün müəyyənləşdirdi və həyata keçirdi. Ulu Öndər
Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi
sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir
sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən
söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı
qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu Öndər Heydər Əliyevin
gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı
Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin
daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu
addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də
dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin
müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla
Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası
qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı,
beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi.
Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Onlarla
neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft
gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək
səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası
Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən
siyasətinin nəticəsi idi. Ölkəmizin iqtisadi imkanlarının artması
əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli
Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa,
özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə
mənsubdur. Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının
uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin
tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü
təkan verən resurslar əldə edildi. Azərbaycanın ilk
Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən
köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət
quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı
qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında
birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması
mükəmməl quruculuq proqramının tərkib hissələrindən oldu.
Zəfər zirvəsinə gedən yolun möhkəm təməli
Xalqımız Ümummilli Lider Heydər Əliyevin Vətəninə, dövlətinə,
xalqına sevgisinin fonunda Azərbaycanın bugününü və gələcəyini
aydın görürdü. Xalqından güc alan dahi şəxsiyyət Heydər Əliyev
Azərbaycanın addım-addım Zəfər zirvəsinə yüksəlməsini təmin edən
möhkəm təməlin əsasını qoydu. Onun hər birimiz üçün bir çağırış
olan “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə
Azərbaycanda əbədi olacağam!” fikirləri dövlətimiz, xalqımız üçün
gördüyü misilsiz işlərin məcmusudur. Bu çağırış hər kəsdən Onun
çoxşaxəli fəaliyyətinin hər bir səhifəsini, hər bir anını dərindən
öyrənməyi bir tələb kimi qarşımızda qoyur. Çünki illər keçdikcə Ulu
Öndərlə bağlı nə qədər kitablar dərc edilsə də, Onun fəaliyyətinin
ayrı-ayrı istiqamətləri araşdırılsa da yenə də tədqiqata ehtiyac
vardır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu,
xalqına ən güclü, qüdrətli, hər birimizin qürur duyacağı Azərbaycan
kimi təqdim etdi. Hakimiyyətə qayıdışının ilk günlərində
Azərbaycanın o çətin günlərinin fonunda xalqına çağırışında belə
bir inamı ifadə etdi ki, gün gələcək hər kəs belə güclü, qüdrətli
Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Qısa zamanda
xalqımız o qüruru yaşadı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və
Azərbaycanın reallıqları bu platformadan dünya azərbaycanlılarına
çatdırıldı. Vətənin bir olduğu, hər birimizin bu Vətən üçün
çalışmağımız əsas hədəflər sırasında oldu. Göründüyü kimi,
Ümummilli Lider Azərbaycanın bugünkü Zirvəyə, Zəfərlərə gəlib
çatması üçün necə təkmil inkişaf strategiyasını müəyyənləşdirdi.
Bu, Onun liderliyinin, yüksək idarəçilik bacarığının göstəricisi,
dövlətinə, xalqına sevgisinin nümayişi idi.
Xalqın sevgisindən, iqtidarla birliyindən bəhs edərkən 1994,
1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdləri yada
salmamaq olmur. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı
həmin o çətin günlərdə xilaskarının ətrafında sıx birləşdi.
Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və
inkişaf etdirmək yolları hamar olmasa da, Ümummilli Lider Heydər
Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək
müstəqilliyimizin əbədi müəllifi adını qazandı.
Dəfələrlə qeyd etdiyimiz kimi, bu xidmətlərin miqyası o qədər
böyükdür ki, onları sadalamaqla bitməz, eyni zamanda, bir yazıda
əhatə etmək mümkün olmaz. Buna görə də “Azərbaycan zirvəsində
Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan
müqəddəsliyi” sözləri Ulu Öndərin həyat fəlsəfəsinin ana xəttini
təşkil edirdi. Onun ali dövlət idarəçiliyi təcrübəsi, potensial
imkanları kontekstində formalaşan Azərbaycan dünyaya əsl Liderin
prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki Onun gələcəyə,
yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi
dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol
açırdı. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək
yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu
Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan
azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız
sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu
bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi. Ulu
Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin
həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə
idi. Dahi şəxsiyyət təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına
göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin,
təcrübəli kadrların hazırlanmasını təmin etdi.
Zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya
Azərbaycanın müasir siyasi sistemi də məhz Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin 21 noyabr tarixində
Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər
Əliyevin partiyaya Sədr seçilməsi Azərbaycanda müasir siyasi
sistemin yaranmasına səbəb oldu. Xalqın böyük əksəriyyətinin
istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər
Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı
xalqın ümidinin yalnız Ümummilli Liderə olduğunun, dahi şəxsiyyətin
isə xalqa, dövlətə sevgisinin aydın mənzərəsini yaradır. Zamanın
tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının
çox keçmədi ki, iqtidar partiyasına çevrildi. Ümummilli Lider
Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni
Azərbaycan Partiyasının da həyatında yeni səhifə açdı. Çox qısa
zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası
daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını
kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya
ilk gündən öz adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə,
xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP
davamlı uğurları ilə Ulu Öndər Heydər Əliyevin böyük inam və
qətiyyətlə söylədiyi, bugününə və gələcəyinə böyük inamını nümayiş
etdirdiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin
partiyasıdır” fikrini təsdiqləyir, bu yenilməz siyasi qüvvə
gələcəyə doğru daha böyük inamla addımlayır. Yeni Azərbaycan
Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
inkişaf edir. Partiyanın 2021-ci il 5 mart tarixində keçirilən VII
qurultayında dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyev keçilən yolun təhlili fonunda bu əminliyi ifadə
etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin
mərkəzində olacaq.
VII qurultay partiyanın bugünənə və gələcəyinə xidmət edən mühüm
qərarların qəbulu ilə yadda qaldı. Həmçinin yeni tərkib formalaşdı.
Partiyanın yeni Nizamnaməsi qəbul edildi. Dövlətimizin başçısı
İlham Əliyevin tapşırığı ilə partiyanın müasir dövrün çağırışlarını
özündə əks etdirən Proqramı hazırlandı və təsdiqləndi. “Biz
birlikdə güclüyük!” çağırışı altında təqdim edilən yeni Proqramda
növbəti dövrün hədəfləri öz əksini tapır. Əsas hədəflərdən biri
Böyük Qayıdış Proqramının icrasına töhfələr verməkdir. Qurultayda
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci
müavini təyin edildi.
2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi
Dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciəti Onun
Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən
oldu. Həmin müraciətində Ümummilli Lider Heydər Əliyev
bildirmişdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni
Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm.” Zaman göstərdi ki, Ulu Öndər Azərbaycan xalqı
qarşısındakı bütün xidmətlərində olduğu kimi, bu seçimində də
uzaqgörən oldu. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələ,
təbii ki, Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan
azad edilməsi idi.
2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük
əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham
Əliyev andiçmə mərasimində qarşıda duran vəzifələri açıqlayarkən
bildirdi ki, bütün bunlara nail olmaq üçün Heydər Əliyev siyasəti
davam etdirilməlidir. Prezident İlham Əliyev andiçmə mərasimində,
həmçinin Ümummilli Liderə bu müraciəti etdi ki, əsəriniz olan
müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək,
gücləndirəcək, zəfərələrə doğru aparacağıq.
2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi
Zəfərimizin və 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir
günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam
bərpasının yaratdığı reallıqlar əsasında yeni dövrə qədəm qoyan
2024-cü ilin fevral ayında Azərbaycanın müstəqillik tarixində ilk
dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində
inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində
“2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı
əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə,
xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla
dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu,
problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi
birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və
tərəqqi yolu ilə uğurla gedirdi” söyləyərək onu da əlavə etdi ki,
2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş
bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə
göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.
Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz
öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri
özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll
edirik.
Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli
Bayrağımız dalğalanır
Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Qarabağın
tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən
söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu,
böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”,
Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər
Əliyev İli” çərçivəsində Şuşadan xalqa müraciətində “Mən bu təbrik
müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu
gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə
olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır.
Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan
hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər.
Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın
azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz
kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza
atmışdır. İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı
bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Eyni zamanda,
hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha
da dəqiqləşdirmək üçün istifadə etməliyik” kimi fikirləri cənab
İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin Ona olan inamını,
etimadını yüksək səviyyədə doğrulmasından keçirdiyi hissləri
xalqımıza çatdırır.
22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük İkinci
Qarabağ müharibəsinin baş verdiyi dövrə qədər əsas hədəf kimi
Azərbaycanı daha da gücləndirməyi, bütün sahələrdə uğurlu inkişafa
nail olmasını, informasiya cəbhəsində üstünlüyünü, ordumuzda qələbə
əzmini gücləndirməyi qarşıya qoydu. 2003-2020-ci illər Qələbəyə
hazırlıq dövrü kimi xarakterizə edilir. Ulu Öndər Heydər Əliyev elə
möhkəm təməl yaradıb ki, onun üzərində Azərbaycanı inkişaf
etdirmək, zirvələrə aparmaq üçün dövlətinə, xalqına bağlı Liderin
olması əsas şərt idi. Prezident İlham Əliyev liderlik nümunəsini
təqdim etdi, hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini
nümayiş etdirdi, Azərbaycanın inkişaf modelini daha da
təkmilləşdirdi, Qələbəyə doğru gedən yolu addım-addım
yaxınlaşdırdı. Bu gün hansı sahəyə diqqət yetirsək, yalnız uğur,
zəngin təcrübə görə bilərik. 44 günlük Vətən müharibəsi bütün bu
reallıqların təqdimatı oldu. Bir daha əyani şəkildə göstərdi ki,
müstəqillik illərində əldə edilmiş milli birliyimiz,
mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətimizdir. Bu gün
işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın döyünən
ürəyi Şuşada üçrəngli Bayrağımız dalğalanır. Tarixi Zəfərimizdən üç
il sonra Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror
tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün
qürurla tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günlərindən,
azad edilmiş ərazilərimiz üzrə Şəhər günlərindən bəhs edirik. Son
beş ildən artıq dövrün əsas hədəflərindən biri azad edilmiş
ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası,
həmçinin ordumuzun daha da gücləndirilməsi, madi-texniki bazasının
möhkəmləndirilməsidir.
Qarabağ və Şərqi Zəngəzur dirçəlir
Böyük Qayıdış Proqramının uğurlu icrası bugünümüzün
reallıqlarında özünün aydın ifadəsini tapır. Artıq 9 şəhər, onlarla
kənd və qəsəbə sakinlərinə qovuşub. Azad edilmiş ərazilərimizdə
görülən işlər Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya
təqdim edir. Ağdamda, Zəngilanda və Xankəndidə Azərbaycan Milli
Şəhərsalma forumları keçirilib. Bu forumlar Azərbaycanın yaxın
günlərdə, 17-22 may tarixlərində ev sahibliyi edəcəyi Ümummdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimi
dəyərləndirildi. Azərbaycan COP29 tədbirindən sonra ikinci böyük
beynəlxalq tədbir olan bu Foruma ev sahibliyi etməklə növbəti dəfə
dünyanın diqqətini paytaxt Bakıya, regionlarımıza, işğaldan azad
edilmiş ərazilərimizə yönəldəcək. Hazırda bu ərazilərimizin hər
biri beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Azad
edilmiş ərazilərimizin strateji əhəmiyyətini təsdiqləyən mühüm
amillər sırasında qısa müddətdə bu torpaqlarda üç hava limanının
tikilib istifadəyə verilməsidir. Füzuli, Zəngilan və Laçın
Beynəlxalq Hava limanları qonaqlarını qarşılamaqla Zəfərimizin
reallıqlarının dünyaya çatdırılmasında öz sözünü deyir. Artıq bu və
ya digər ölkələrin dövlət başçılarının bu hava limanlarında
qarşılanması, Qarabağda və Şərqi Zəngəzurda görülən işlərlə
yaxından tanış olmalarına şəraitin yaradılması son illərin mühüm
hadisələri sırasındadır. Azad edilmiş ərazilərimiz sülhə,
təhlükəsizliyə, əməkdaşlığa çağırışların edildiyi məkanlar kimi
diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın
müstəqillik tarixinin ayrı-ayrı mərhələlərini, keçilən yolu təhlil
edərkən bu məqamı xüsusi vurğulayır ki, quruculuq və inkişaf
işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın
azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix
artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin
sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri
təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi
davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət
Suverenliyi Günü idi.
Qeyd etdiyimiz kimi, bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur
dirçəlir, doğma torpaqlarımızda qururuq, yaradırıq. Dövlətimizin
başçısı İlham Əliyevin çağırışlarında bu məqamlar xüsusi qeyd
edilir ki, necə ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə
yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa
etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində
sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını
qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki
missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə
yerinə yetirəcəyik.
Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir,
söydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Cənab İlham
Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün biz Azərbaycan
xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan
soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda
yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana
qayıdış dövründə də görəcəyik. Dövlətimizin başçısı bu çağırışı da
edir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı
və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar
birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu
iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq o qədər də
səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir.
Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq
səviyyədə təqdir edilir
Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Artıq 9
aydır sülh şəraitində yaşayırıq. Ötən ilin avqust ayında ABŞ-da
Prezident Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan
arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda
dayanıqlı sülhün və təhlükəsizliyin əsasıdır. Dövlətimizin başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və
soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və
ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman
məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq
ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən
dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində
əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə
bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin
etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır,
artıq heç bir qurban və itki yoxdur.” Azərbaycanın sülhə,
təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir.
Bu sülh razılaşması Avropada bir sülh hekayəsi kimi
dəyərləndirilir.
Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə
etmək mümkün deyil. Qeyd etdiklərimizin fonunda bu qənaəti böyük
qürur hissi ilə bildiririk ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər
Əliyevin görmək istədiyi Azərbaycandır!
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı


