
Bakı. Trend:
“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi,
dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks
etdirən gümüş xatirə sikkəsi təqdim olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi
buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə
sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi
memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında
bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə
mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini
Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.
Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən
yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir
innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın
dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə
üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan
“Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal
səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və
mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək
relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.
Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi
dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir
türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli
baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan
Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.
Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də
mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub.
Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və
mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış
platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək
mümkündür.


