
Bakıda motosikletçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
“Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”, – məlumatda qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.


