Bakı. Trend:
Mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu
ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə
alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, 8 Noyabr
prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan
çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına
çırpılıb.
Yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunan ağır
yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul
İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi
açılıb, araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və
digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə
müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl
etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə
atmamağa çağırır”, – deyə məlumatda qeyd olunub.

