
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, T.Musayev Azərbaycan ilə BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.
BƏƏ-nin Xarici İşlər Nazirliyinin Dövlət naziri isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


