Xankəndidə 3 marşrut xətti istifadəyə verildi (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması
istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili
avtobus marşrutları fəaliyyətə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və
istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir.




Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən
faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz
şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların
müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti
onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni
nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi
qiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə
hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə
ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi
Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol
və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ
Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət
göstərir.

Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən
edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə
“BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları
vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi
14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət
göstərir.Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Sərnişinlər
“BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları,
eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödəniş
sistemlərindən istifadə edə bilirlər.Qeyd edək ki, avtobusların
hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda
müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına
xidmət göstərir.