
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Azərbaycana ümumilikdə
58,8 milyon ABŞ dolları ayırıb.
Bu barədə Trend
bankın illik hesabatına istinadən məlumat verir
Maliyyələşdirmənin əsas hissəsi adi kredit resurslarının (OCR)
payına düşüb və bu məbləğ 48,2 milyon dollar təşkil edib. Bunun
47,0 milyon dolları dövlət kreditləri şəklində, 1,2 milyon dolları
isə Ticarətin və Təchizat Zəncirlərinin Maliyyələşdirilməsi
Proqramı (TSCFP) və Mikromaliyyələşdirmə Proqramı (MFP)
çərçivəsində ayrılıb.
Hesabat dövründə Asiya İnkişaf Fondu (ADF) xətti üzrə Azərbaycan
üçün vəsait ayrılması qeydə alınmayıb.
Bundan əlavə, AİB texniki yardım (TA) üzrə 2,9 milyon dollar
təqdim edib. Bu məbləğə Texniki Yardım üzrə Xüsusi Fondların və
digər xüsusi fondların resursları daxildir.
Əlavə dəstək texniki yardım və məsləhət xidmətləri mexanizmləri,
eləcə də digər birgə maliyyələşdirmə alətləri vasitəsilə göstərilib
və onların ümumi həcmi 7,7 milyon dollar təşkil edib.
Ümumilikdə, 2025-ci ildə AİB-in Azərbaycan üzrə ümumi
öhdəlikləri 58,8 milyon dollar olub.
“Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi ona regional
nəqliyyat habı olmaq üçün böyük potensial verir, lakin köhnəlmiş
dəmir yolu infrastrukturu bu potensialın tam gerçəkləşdirməsini
məhdudlaşdırır. 2025-ci ildə AİB “Azərbaycan Dəmir Yolları”nın
modernləşdirilməsi üçün 47 milyon dollar kredit ayırıb ki, bu da
ölkənin iki əsas regional ticarət dəhlizi üzrə mövqelərini
gücləndirəcək. Layihə yük axınlarının idarə olunması, aktivlərin
idarə edilməsi, investisiya planlaşdırılması, müştəri informasiya
sistemləri və korporativ idarəetmə daxil olmaqla əsas proseslərin
rəqəmsallaşdırılmasını, həmçinin kadrların ixtisasının artırılması
üçün müvafiq texniki yardımı nəzərdə tutur”, – bankın hesabatında
bildirilir.


