“Atəşgah” Sığorta Şirkəti “AtaSığorta”nın ləğvinə münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprelin 10-dan etibarən “AtaSığorta” ilə vətəndaşlar
arasında bağlanmış bütün sığorta müqavilələri “Atəşgah” Sığorta
Şirkəti ASC-yə ötürülüb. Bu dəyişiklik nəticəsində, əvvəlki dövr
ərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı bir
sığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonra
yalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Atəşgah” Sığorta
Şirkəti ASC-dən bildirilib.

“Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərin
hüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tam
riayət ediləcəkdir. Şəffaflıq və məlumatlandırma prosesləri müvafiq
olaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıq
yaşamaması üçün bütün lazımi tədbirlər görüləcək.

Bu ötürülmə prosesi, “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazar
mövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsi
baxımından mühüm bir fürsət kimi dəyərləndirilir.

Şirkət, müştərilərə daha geniş və rəqabətli sığorta məhsulları
təqdim etməyi hədəfləyir və gələcəkdə bu istiqamətdə müvafiq
strateji addımlar atmağı planlaşdırır”, – məlumatda vurğulanıb.




Qeyd edək ki, ötən gün Azərbaycan Mərkəzi Bankı tərəfindən
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq
könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının
İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta”
Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş
10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv
edilib.

“Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə
dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi
çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır”, –
Mərkəzi Bankın məlumatında vurğulanıb.