Qohum evliliyi ilə bağlı mübahisəli sual – Nazirlik cavab verdi

Baş səhifə

Bakı. Trend:

Məlum olduğu kimi, 28 iyun 2024-cü ildə Ailə Məcəlləsinə
Azərbaycanda qohum evliliyini qadağan edən müddəalar əlavə edilib.

Belə ki, 2025-ci il iyulun 1-dən qardaşların və (və ya)
bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə
də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı,
həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın
bağlanması qadağan edilib.

Bəs görəsən, yuxarıdakı müddəlar tərəflərdən birinin
valideyninin valideynlik hüquqlarından məhrum edildiyi və ya ata
adının dəyişdirdiyi halda da tətbiq olunurmu?

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
tərəflərdən birinin valideynlərinin valideynlik hüquqlarından
məhrum olması, yaxud onun ata adını dəyişdirməsi doğum haqqında akt
qeydində tərəflərin valideynlərinə dair məlumatların dəyişməsinə
səbəb olmadığından bu hal nikahın qeydiyyatı zamanı
qanunvericilikdə müəyyən edilmiş qadağanı aradan
qaldırmır
.

Həmçinin, bioloji qohumların birgə uşağının olması nikahın qeydə
alınması zamanı Ailə Məcəlləsinin yuxarıda qeyd edilmiş
müddəalarının tətbiqini istisna etmir.




Əlavə olaraq vurğulanıb ki, nikaha daxil olmaq istəyən şəxslər
arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin,
konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli
şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi
vasitəsilə yoxlanılır.

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi
mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və
onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti
nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq
əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə
sənədlər tələb oluna bilər.

Qeyd edilib ki, qanunun qüvvəyə minməsindən sonra Ədliyyə
Nazirliyinin qeydiyyat şöbələri tərəfindən yuxarıda qeyd edilmiş
kateqoriya qohumlar arasında heç bir nikahın qeydiyyatı
aparılmayıb
.

Qanunun qüvvəyə minməsinədək bioloji qohumlar arasında bağlanmış
nikahlar isə etibarlı hesab edilir.