
Bakı.Trend:
Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi
təşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb. Belə ki,
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar bizi
irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi
qüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatda
ölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Bildirilib ki, hesabatda süni intellektin tətbiqi fonunda işçi
qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları
təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib.
Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün
süni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.
Xüsusilə vurğulanıb ki, Azərbaycanın yanaşması süni intellekti
əmək bazarı üçün risk kimi deyil, peşəkar inkişaf üçün yeni imkan
kimi təqdim edir. Strategiya çərçivəsində ictimaiyyətin süni
intellekt barədə məlumatlılığının artırılması, etik və məsuliyyətli
istifadənin təşviqi prioritet kimi müəyyən olunub. Bu məqsədlə
Milli Süni İntellekt Mərkəzi nəzdində yaradılan Süni İntellekt
Akademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEM
əsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsində
müxtəlif dövlət qurumları üzrə 500 əməkdaş üçün təlim və 3000
nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılması
nəzərdə tutulur.
Hesabatda ümumilikdə bildirilib ki, nəqliyyat sektorunda süni
intellektin tətbiqi yalnız texnoloji deyil, eyni zamanda
bacarıqların inkişafı və əmək bazarının transformasiyası
məsələsidir. Bu baxımdan Azərbaycanın yanaşmasının beynəlxalq
səviyyədə qeyd edilməsi ölkəmizin bu sahədə irəli sürdüyü siyasətin
düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir. Həmçinin
Azərbaycanın süni intellekt, rəqəmsallaşma, innovasiya və insan
kapitalının inkişafı üzrə həyata keçirdiyi ardıcıl siyasətin
beynəlxalq səviyyədə tanındığını və digər ölkələrə nümunə təşkil
etdiyini göstərir.


