TDT ölkələrinin imtahan mərkəzlərinin arasında Niyyət Protokolu imzalanıb

Baş səhifə

Bakı.Trend:

Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş
“Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”
mövzusunda beynəlxalq elmi-praktik konfransda Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə
qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın
gücləndirilməsi haqqında Niyyət Protokolu imzalanıb.

Trend xəbər
verir ki, Niyyət Protokolu Dövlət İmtahan Mərkəzi, Qazaxıstan
Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Milli Test
Mərkəzi, Qırğız Respublikasının Təhsil Nazirliyi yanında Təhsilin
Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyə Respublikasının Ölçmə,
Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistan Respublikasının Ali
Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və
Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.

Protokol türk dövlətləri arasında təhsildə qiymətləndirilmə və
imtahan sahəsində uzunmüddətli institusional əməkdaşlığın
gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması üzrə
ortaq niyyəti əks etdirir.




Protokol çərçivəsində tərəflər birgə tədbirlər, potensialın
gücləndirilməsi təşəbbüsləri və bilik mübadiləsi platformaları
vasitəsilə qiymətləndirmə və dəyərləndirmə sahəsində peşəkar
dialoqun və təcrübə mübadiləsinin təşviq edilməsi, imtahan
sistemlərinin rəqəmsal transformasiyası və müasir qiymətləndirmə
platformalarının inkişafı sahəsində əməkdaşlıq imkanlarının
araşdırılması, test tapşırıqlarının hazırlanması, imtahanların
təşkili və nəticələrin qiymətləndirilməsi proseslərində süni
intellekt və digər müasir texnologiyaların tətbiqi də daxil olmaqla
innovativ metodologiyalar üzrə təcrübə və tədqiqat nəticələrinin
mübadiləsi, elmi əsaslara və beynəlxalq təcrübəyə əsaslanan
etibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması və geniş
tətbiqi istiqamətində əməkdaşlıq edərək türk dillərinin təşviqi və
tanınmasının dəstəklənməsi və s. istiqamətlərdə əməkdaşlıq
edəcəklər.

Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və beş (5)
il müddətində qüvvədə qalacaq.