İranın 30-dan çox universiteti hücuma məruz qalıb – Nazir

Baş səhifə

Bakı. Trend:

28 fevraldan bəri İranda 30-dan çox universitet ABŞ və İsrailin
hərbi hava hücumlarına məruz qalıb.

Trend-in
məlumatına görə, bunu İranın elm, tədqiqat və texnologiya naziri
Hüseyn Simayi Sərraf bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın qeyri-hərbi, təhsil və tədqiqatla
əlaqədar obyektləri hücumlara məruz qalmaqdadır. İranda hazırda
milyonlarla məktəbli və tələbə təhsildən məhrum olub.




İranlı nazir qeyd edib ki, indiyə qədər 60-dan çox tələbə hərbi
hava hücumları nəticəsində ölüb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.