“Elm Günləri”: UNEC-də Nobel mükafatçıları və elmin populyarlaşdırılması müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC-də keçirilən “Elm Günləri” çərçivəsində sonuncu tədbir
Nobel mükafatı laureatlarına həsr olunmuş müzakirələrlə yadda
qalıb. Tədbirin əsas məqsədi elmin populyarlaşdırılması və onun
cəmiyyətə daha anlaşılan formada çatdırılması olub.

Tədbirdə elm adamları, ictimaiyyət nümayəndələri, eləcə də
UNEC-in professor-müəllim heyəti iştirak edib.

Müzakirələr zamanı 2025-ci il üzrə fizika, kimya, iqtisadiyyat
və digər sahələr üzrə Nobel Mükafatı laureatlarının elmi
fəaliyyəti, onların bəşəriyyətə verdiyi töhfələr və elmə baxışları
geniş təhlil olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında elmin
populyarlaşdırılmasının cəmiyyət üçün əhəmiyyətinnə diqqət çəkərək,
bu sahənin universitetin prioritet istiqamətlərindən biri olduğunu
vurğulayıb: “Elmın populyarlaşdırılması fəaliyyətimizin əsas
istiqamətlərindən biridir. Bu məqsədlə artıq bir neçə ildir ki,
“Elmin populyarlaşdırılması” və “Elm gözəldir – məktəbdən elmə”
təşəbbüsləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ali təhsil
müəssisələri və məktəblərində görüşlər keçiririk. Məqsədimiz elmi
məktəb yaşlarından gənclərə sevdirmək və onların gələcəkdə elmi
fəaliyyətə yönləndirilməkdir”. Rektor, həmçinin qızların elmə
marağının artırılmasına yönəlmiş yeni layihə üzərində də işlərin
aparıldığını diqqətə çatdırıb: “Bu layihənin məqsədi qız
şagirdlərin elmi fəaliyyətlərə daha çox cəlb olunmasına şərait
yaratmaqdır.”

Ədalət Muradov Nobel mükafatçıları ilə bağlı müzakirələrin
əhəmiyyətinə də toxunaraq bildirib ki, bu kimi tədbirlər yalnız
elmi deyil, həm də milli və qlobal düşüncə baxımından vacibdir: “Bu
gün biz yalnız lokal çərçivədə deyil, qlobal məkanda düşünməyi
bacarmalıyıq. Öz potensialımıza düzgün qiymət vermək və öz gücümüzü
tanımaq inkişafın əsas şərtidir.”- deyə o bildirib.

Tədbirdə çıxış edən UNEC-in Elmin populyarlaşdırılması
mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev
mərkəzin fəaliyyət istiqamətlərindən bəhs edib. O qeyd edib ki,
əsas məqsəd elmi bilikləri geniş ictimaiyyət üçün daha əlçatan və
anlaşılan etməkdir: “Bu mərkəzin yaradılması təşəbbüsünün əsas
xüsusiyyəti onun dinamik və məqsədyönlü xarakter daşımasıdır. Elmin
populyarlaşdırılması yalnız məlumat vermək deyil, həm də düşüncə
formalaşdırmaqdır.”




Etibar Əliyev çıxışında Nobel mükafatı laureatlarının yalnız
elmi kəşfləri ilə deyil, həm də elmin təbliği istiqamətində
gördükləri işlərlə seçildiyini vurğulayıb. O qeyd edib ki, bu
alimlərin elm və təhsil haqqında fikirləri bu gün də aktuallığını
qoruyur və gənclər üçün mühüm motivasiya mənbəyidir.

Eyni zamanda, o, elmin yalnız texnologiya və bilikdən ibarət
olmadığını, onun mənəvi dəyərlərlə vəhdətdə inkişaf etməsinin
vacibliyini xüsusi vurğulayıb: “Əgər gələcəkdə elm mənəviyyatdan
uzaqlaşarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Buna görə də
elmlə insani dəyərləri arasında balans qorunmalıdır.”

Tədbirdə iştirak edən yazıçı Aqşin Yenisey elmin daha geniş
auditoriyaya, xüsusilə də gənc nəslə anlaşılan formada çatdırılması
üçün Nobel mükafatçılarının, alimlərin müsahibələrini Süni
İntellektin imkanlarından istifadə edərək canlandırmağı və rəqəmsal
platformalarda paylaşmağı təklif edib.

Müzakirələr zamanı elmi ədəbiyyatlarının keyfiyyəti məsələsi də
önə çəkilib. Qeyd olunub ki, Azərbaycan dilinə tərcümə olunan elmi
kitabların peşəkar səviyyədə hazırlanması, terminoloji və dil
baxımından yüksək standartlara cavab verməsi vacibdir. Bu məqsədlə
kitabların nəşrdən əvvəl müvafiq ekspertiza və dil baxımından
yoxlanılması təklif edilib. Vurğulanıb ki, fundamental elmi
əsərlərin Azərbaycan dilinə tərcüməsi gənclərin biliklərə çıxış
imkanlarını genişləndirir və onların elmi inkişafına mühüm töhfə
verir.

Tədbirdə həmçinin qeyd olunub ki, elmin populyarlaşdırılması
yalnız akademik mühitlə məhdudlaşmamalı, məktəbdən başlayaraq
cəmiyyətin bütün təbəqələrini əhatə edən vahid yanaşma kimi inkişaf
etdirilməlidir.

Sonda Etibar Əliyev UNEC-ə şəxsi kitabxanasından Nobel
mükafatçılarından bəhs edən kitablar hədiyyə edib.