Abşeronda subasma ilə əlaqədar bəzi ərazilərdən əhali təxliyə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonunda son günlər müşahidə olunan intensiv yağıntılar
bir sıra ərazilərdə subasma hallarına səbəb olub.

Trend xəbər verir
ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Normadan qat-qat artıq yağan yağış xüsusilə Xırdalan şəhəri və
Masazır qəsəbəsində ciddi fəsadlar yaradıb.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar küçə və məhəllələrdə
yığılan suyun kənarlaşdırılması istiqamətində dərhal zəruri
tədbirlərə başlanılıb. Martın 27-si səhər saatlarından etibarən
Abşeron Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyi və
ADSEA-nın yerli idarələri ilə birgə, eləcə də bələdiyyələr,
inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfat
strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.




Məlumata əsasən, təbii hadisə ilə əlaqədar icra hakimiyyətində
aidiyyəti qurumların iştirakı ilə xüsusi qərargah yaradılıb.
Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası müvafiq
qurumlarla koordinasiyalı şəkildə işini davam etdirir.

Qeyd olunub ki, son iki gün ərzində ehtiyac olan ərazilərdən
əhalinin təxliyəsi həyata keçirilib. Təxliyə edilən şəxslər üçün
müvəqqəti sığınacaqlar təşkil olunub, eyni zamanda onların
gecələməsi üçün kirayə evlər təmin edilib.

Həmçinin bir çox ünvanlarda subasmanın qarşısının alındığı,
nasosxanaların fəaliyyətinin isə xüsusi nəzarətə götürülərək
gücləndirilmiş rejimə keçirildiyi bildirilib.