
Bərdə. Trend:
Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina
hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı
il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi
Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya
olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi
Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik
amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam
etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
xxx
14:42
Bakı. Trend:
İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi
ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş
verib.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətləri birgə məlumat yayıblar.
Bildirilir ki, 1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı
kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində
minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı
nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma
aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları
ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə
müdaxilə etməməyə çağırır!
xxx
14:00
Ağdam. Trend:
İşğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı baş
verib.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, hadisə rayonun Yusifcanlı kəndi ərazisində qeydə
alınıb.
Belə ki, 03.12.1985-ci il təvəllüdlü, Yusifcanlı kənd sakini
Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.
ANAMA əməkdaşları yaralı şəxsi minalı ərazidən çıxarmaq üçün
dərhal hadisə yerinə yola düşüblər.

