
Bakı. Trend:
Ədalətli sülh əsasında Cənubi Qafqaz regionunda yeni reallıqlar
və yeni status-kvo qururuq.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən “Doha Forumu”nda
“Ermənistan-Azərbaycan Davamlı Sülh: Vaşinqton Sazişi və Paylaşılan
Gələcək” mövzusunda panel müzakirəsində çıxışında deyib.
Hikmət Hacıyev ABŞ tərəfindən vasitəçilik edilən Ermənistanla
razılaşmanı alqışlayaraq bildirib ki, bu saziş regionumuzda
beynəlxalq hüququn legitimliyini, qanuniliyini və əsas
prinsiplərini təmin edəcək:
“Son zamanlar bir çox sülh təşəbbüsləri uğursuz olub, çünki
razılaşma imzalandıqdan sonra tərəflər “komfort zonasına” düşürlər.
Ermənistan və Azərbaycan belə bir vəziyyətdən qaçmağa çalışır”.
O, həmçinin vurğulayıb ki, hər iki tərəf sülhün çətin mübarizə
olduğunu bilir və biz çox çalışmalıyıq.
Hikmət Hacıyev qeyd edib ki, iki paytaxtdakı rəsmilər müxtəlif
kanallar vasitəsilə müntəzəm əlaqədədir və iki ölkə arasındakı
razılaşmaların tam həyata keçirilməsi üçün ciddi şəkildə
çalışırlar.

