
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanda bu həftə həyata keçirdiyi
aviareyd zamanı “Hizbullah” təşkilatının raket bölməsində komandir
vəzifəsini tutan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) üzvünü zərərsizləşdirib.
Trend xəbər verir
ki, bu barədə IDF-in mətbuat xidməti “X” sosial şəbəkə hesabında
məlumat və əməliyyatdan görüntü paylaşıb.
IDF bildirir ki, Əbu Dharr Mohammədi “Hizbullah”la İran hökuməti
arasında hərbi əlaqələndirmənin mərkəzi fiquru olub və “Hizbullah”ın strateji silahlarına cavabdeh olan məsul komandir
olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

