İranın yeni Ali Lideri seçilib

Baş səhifə

Bakı. Trend:

İranın öldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu
Muctaba Hüseyni Xamenei İranın yeni Ali Lideri seçilib.

Trend xəbər verir ki, Muctaba
Hüseyni Xamenei 1969-cu ildə Məşhəd şəhərində anadan olub. İlk
təhsilini dini mədrəsədə alıb. 1999-cu ildə Qum şəhərində dini
təhsilini davam etdirib və ruhanilik səviyyəsinə yüksəlib.

1999-cu ildə mühafizəkar siyasətçi, Məsləhət Şurasının üzvü
Qulaməli Həddad Adilin qızı Zəhra ilə evlənib, 2 oğlu, bir qızı
var. Həyat yoldaşı ABŞ və İsrailin 28 fevralda İrana hücumu
nəticəsində ölüb.

Muctaba Xamenei İraq-İran müharibəsi (1980-1988) illərdə İran
İslam İnqilabı Korpusu (SEPAH) tərkibində döyüşüb və SEPAH-da
nüfuza sahib olduğu bildirilir. Müharibə dövründəki əlaqələri onun
sonradan nüfuzunun artması ilə nəticələnib. Sonradan İranın Bəsic
(milis) qüvvələrində də nüfuzunun böyük ölçüdə artdığı
bildirilir.




2005 və 2009-cu illərdə İranın keçmiş prezidenti Mahmud
Əhmədinejadın əsas tərəfdarlarından biri olub və onun prezident
seçilməsinə dəstək verib.

56 yaşlı Muctaba Xamenei çox nadir hallarda ictimai məkanlarda
müşahidə olunur. Heç vaxt rəsmi olaraq siyasi vəzifəsi olmayıb.
Lakin İranın hazırkı strukturunda əsasən təsiredici simalardan biri
kimi tanınır.

O, uzun illər İranın Ali Liderinin ofisində fəaliyyət göstərib.
Onun mövqeyi adətən İran İslam İnqilabının banisi Ruhulla
Xomeyninin oğlu Əhməd Xomeyni ilə müqayisə olunub. Çünki Əhməd
Xomeyni İslam İnqilabından sonrakı ilk illərdə Ruhulla Xomeyninin
etimad etdiyi şəxslərdən biri olub.