Dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib – Sahil Babayev

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm
müsbət nəticələr əldə edilib. Belə ki, 2025-ci ildə dövlət
büdcəsinin mədaxili 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829
milyon manat və ya 2,2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard
manat və ya 5,4 faiz çox icra edilib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil
Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan
Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar
proqnozla müqayisədə 311 mln. manat çox icra olunmaqla, 20,4 mlrd.
manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü
ilin göstəricisini 756 mln. manat üstələyib:




“Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə
yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması
büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm
göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4
milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat
vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş
vəsaitin 12 milyard manatı və ya 73,4 faizi qeyri-neft, 4,4 milyard
manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə
təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon
manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub”.

S.Babayev qeyd edib ki, hesabat dövründə Dövlət Neft Fondundan
dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 mlrd. manat
transfert edilib.