
Bakı. Trend:
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş
mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və
11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın
və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə
repatriasiyası həyata keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat
yayıb.
Repatriasiya prosesinin ilkin mərhələsində repatriantların yeri,
şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti
müəyyən edilib. Azərbaycan Respublikasının Suriya Ərəb
Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, o
cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq
əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan
Respublikasına qayıdış şəhadətnamələri” və təyyarə biletləri ilə
təmin edilib.
Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan
Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət
qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib,
repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata
keçirilib.
Repatriantların ölkəmizdə sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına
çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası
üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

