Azərbaycanda vergi inzibatçığı üzrə hədəflər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi
inzibatçılığının daha da modernləşdirilməsi üçün gələcək strateji
istiqamətləri açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin (DVX) Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə
rəisi Günay Mahmudova bu gün Bakıda “Vergi sistemində gələcəyə
baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda
keçirilən forumda məlumat verib.




Qurum rəsmisinin sözlərinə görə, əsas məqsəd vergi sistemində
rəqəmsallaşmanı genişləndirmək və vergi ödəyiciləri üçün prosesləri
daha sadə və şəffaf etməkdir: “Əsas hədəflərdən biri ƏDV
bəyannaməsinin avtomatik doldurulması mexanizminin tətbiqidir. Bu
sistemin mərhələli şəkildə digər vergi bəyannamələrinə də şamil
olunması planlaşdırılır. Bundan başqa, vergi inzibatçılığında süni
intellektə əsaslanan risk analizi sistemləri də tətbiq ediləcək. Bu
yanaşma mümkün risklərin daha operativ müəyyən edilməsinə və
nəzarətin effektivliyinin artırılmasına xidmət edəcək.
Eyni zamanda, ənənəvi vergi nəzarəti proseslərinin
avtomatlaşdırılmış sistemlərlə əvəz olunması nəzərdə tutulur”.

DVX rəsmisi əlavə edib ki, vergi ödəyicilərinin qanunvericiliyə
riayət etməsini asanlaşdırmaq üçün yeni rəqəmsal alətlər də tətbiq
ediləcək.
“Bu addımlar vergi sistemində şəffaflığın və xidmət keyfiyyətinin
artırılmasına yönəlib”, – G. Mahmudova qeyd edib.