Üzərlik bəzi ölkələrdə narkotik vasitə hesab edilir – Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Baş səhifə

Bakı. Trend:

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya
vasitələrində üzərlik bitkisinin (xalq arasında “üzərlik”, “qarmala” kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və
buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif
məlumatlar yayılmaqdadır.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının
qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin
tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan
risklər barədə aşağıdakıları bildirir.

Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol,
tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu maddələr elmi
ədəbiyyatda “harmala alkaloidləri” və ya “beta-karbolin
alkaloidləri” adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə
təsir göstərən psixoaktiv birləşmələrdir.

Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna
aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək
sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə
serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin
parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki
konsentrasiyası artır.




Azərbaycan Respublikasında üzərlik bitkisinin yandırılması
(tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada
istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan
bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi
məhdudlaşdırıla bilər.

Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və
onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr
siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar
2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala)
bitkisi rəsmən “narkotik vasitələr olan bitkilər” siyahısına
salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı,
daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət
məsuliyyətinə səbəb olur.

Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun
toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə
götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda
aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər.

Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və
onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə
işlərini davam etdirəcək.

Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl
mütləq həkimə müraciət edilməsi tövsiyə olunur.