Bakı. Trend:
Fransa və Norveç Ukraynaya müşahidə və vəziyyətdən xəbərdar olma
sahələrində, eləcə də aviasiya bombaları ilə bağlı yeni imkanların
yaradılmasını nəzərdə tutan saziş imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat dərc
olunub.
Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Ukrayna
işğaldan sonra dördüncü qışını yaşayır və Rusiya hücumları
nəticəsində ölkə böyük hərbi, mülki və humanitar ehtiyaclarla
üz-üzədir. “Norveç və Fransa arasındakı yeni saziş bizə Ukraynanın
ehtiyac duyduğu imkanların təmin edilməsində əməkdaşlıq etməyə
şərait yaradır”, – deyə o qeyd edib.
Bəyanatda vurğulanır ki, saziş Norveç və Fransaya zəruri müdafiə
avadanlıqlarının fransız istehsalçılarından alınması və ya
Fransanın ehtiyatlarından təmin edilməsi yolu ilə Ukraynaya
çatdırılmasında əməkdaşlıq imkanı verir.
İlkin mərhələdə Norveç təxminən 4,2 milyard Norveç kronu (440
milyon dollar) ayıracaq, Fransa isə təxminən 3 milyard Norveç kronu
(300 milyon dollar) məbləğində kreditə zəmanət verəcək.

