
Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Asiya və
Sakit okean regionu ölkələrində iqtisadi araşdırmalarla bağlı
layihəni işə salıb.
Bu barədə Asiya İnkişaf Bankının rəsmi saytında dərc olunan
mətndə qeyd edilib.
Bankın məlumatına görə, layihə Azərbaycan, Ermənistan,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan,
Özbəkistan, Türkiyə, Hindistan, Çin, İndoneziya, Vyetnam, Tailand,
Filippin, Pakistan və digər dövlətlər də daxil olmaqla Asiya və
Sakit okean regionunun 44 ölkəsini əhatə edir.
“Maliyyələşdirmə Texniki Yardım üzrə Xüsusi Fond (Technical
Assistance Special Fund) hesabına həyata keçiriləcək və layihə üçün
900 min ABŞ dolları vəsait ayrılıb.
Təşəbbüs iştirakçı ölkələrdə daha əsaslandırılmış və inklüziv
dövlət siyasətinin formalaşdırılmasına töhfə verəcək iqtisadi
diaqnostik araşdırmaların hazırlanmasına yönəlib”, – deyə bank qeyd
edib.
AİB-in məlumatına əsasən, layihənin dolayı benefisiarları
aztəminatlı, sosial cəhətdən həssas və əlverişsiz vəziyyətdə olan
qruplar da daxil olmaqla, əhalinin geniş təbəqələri olacaq.
Gözlənilir ki, tədqiqatların nəticələrindən istifadə qərarların
qəbulunun keyfiyyətini yüksəldəcək, bu isə yeni iş yerlərinin
yaradılmasına, dövlət xidmətlərinin yaxşılaşdırılmasına və daha
inklüziv iqtisadi artımın təmin edilməsinə şərait yaradacaq.

