
Bakı.Trend:
Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun
hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa
çatıb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat
verilib.
Bildirilib ki, tədbirin başa çatması münasibətilə keçirilən
bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
Bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi
qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və
bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını
vurğulayıblar.
Bildirilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan
müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə
tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi
və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular
Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və
medallarla təltif olunublar.

