“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi
təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar – 2026”
birgə taktiki təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə
İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin
Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi
təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin
gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi,
eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor
Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və
hazırlıq səviyyəsini yüksək qiymətləndirib.