Bank “BTB”nin lisenziyası ləğv edildi, “T-Kredit” BOKT fəaliyyətə başladı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul
2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və
29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında
Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank
lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan “T-Kredit” Bank
Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları
haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci
maddələrinə əsasən lisenziya verilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə
Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə
müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank
olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə
qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində,
Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları
qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq
edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilib.
Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank
“BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında
müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB”
ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla
tamamlanıb.

Qeyd edək ki, Bank “BTB” ASC-nin müştərilərinin müddətli və
tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və
fasiləsiz şəkildə ötürülmüş, bütün müştərilərin öz vəsaitlərinə
sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.




Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla
tamamlanıb. Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri
olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə
saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının
fasiləsizliyi təmin olunub.

Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan
qərarı ilə Bank “BTB” ASC-nin lisenziyasının ləğv edilərək
“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi
uğurla tamamlanıb.

“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini
Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata
keçirəcəkdir.