
Bakı. Trend:
Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ
münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi,
əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər
iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötən
ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri
çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev
sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və
Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə
Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi
imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu.
Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton
Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və
uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu.
Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində
2025-ci ili tarixi il kimi də dəyərləndirir.
Reallıq budur ki, Azərbaycan-ABŞ münasibətləri uzun illər
ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı
əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Bu mühüm
məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk
illərində həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində
Azərbaycan haqqında məlumatsızlıq erməni lobbisinin yalanlarının
həqiqət kimi qəbuluna yol açdı. 1992-ci ildə ABŞ Konqresinin
“Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi
iki ölkənin münasibətlərinə mənfi təsir etməyə bilməzdi. 1993-cü
ildə Azərbaycanın ən çətin günlərində Ümummilli Lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanı beynəlxalq
təcriddən xilas etmək, həqiqətlərimizin, xüsusilə keçmiş Qarabağ
münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaq oldu.
Bu gün həmin dövrdə yaradılan möhkəm təməlin Azərbaycanın ədalətə
və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəkdə əhəmiyyətli rolu
göz qabağındadır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı 2001-ci ildə ABŞ-da baş verən terror
aktının rəsmi Vaşinqtonun xarici siyasətində dəyişikliyi
şərtləndirməsindən, rəsmi Vaşinqtonda Azərbaycana qarşı münasibətin
dəyişməsindən də bəhs edib. Vurğulayıb ki, bu hadisədən sonra ABŞ
Administrasiyası 907-ci düzəlişin ədalətsiz qərar olduğunu etiraf
etməklə yanaşı, onun fəaliyyətinin bir illik dondurması barədə
qərar qəbul etdi. Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələ
baş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə səfərdə olan
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin
dövlətimizin başçısı ilə keçirdiyi görüşlərdə də diqqət göstərilən
məsələlər sırasında oldu. ABŞ-ın Vitse-prezidenti qeyd etdi ki,
əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol
verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana
münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Cey. Di. Vens onu
da əlavə etdi ki, biz Prezident Donald Trampın rəhbərliyi ilə bunu
düzəltdik. Mətbuata bəyanatında ABŞ Prezidentinin şəxsən
dövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan xalqına ən
səmimi salamlarını çatdıran Cey. Di. Vens bildirdi ki, bu, ABŞ üçün
çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. ABŞ-ın
Vitse-prezidenti diqqəti mühüm məqamlara yönəldərək vurğuladı ki,
fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn,
azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar
dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük
dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda
çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən
yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli
qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa
təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl
mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.
ABŞ rəsmisi bu fikirləri ilə Azərbaycanın əməkdaşlıqda nə qədər
səmimi, dövlətlərarası münasibətlərdə əsas faktor olan qarşılıqlı
etimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlı
olmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini etiraf
etdi.
Vüqar Rəhimzadə bildirib ki, hər iki ölkənin Prezidentlərinin
rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq. Donald Trampın
Prezident seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə
qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham
Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və
əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin
yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi
əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar
liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə
yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Dövlət başçısı İlham
Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı
Prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu
imzalamışdılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə
səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq
Xartiyası”nın imzalanma mərasimi keçirildi. Dövlət başçısı İlham
Əliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıq
haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay
ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl
Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq
haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması
haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni
imkanlar yaratdı. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika
Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.
Millət vəkili onu da vurğulayıb ki, ABŞ lideri Donald Tramp hələ
birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın
möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan
qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə
keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin
irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və
təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik
nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını
göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımız
arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni
mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Qarşılıqlı
səfərlər, imzalanan sənədlər, müxtəlif tərkibdə heyətlərin
görüşləri, əməkdaşlığın istiqamətlərinin müzakirəsi gələcək
münasibətimizin aydın mənzərəsini təqdim edir. İkitərəfli gündəlik
zəngindir. Gündəliyə daxil olan məsələlər həm Prezident İlham
Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə məhdud və geniş
tərkibdə görüşlərində, həm də dövlətimizin başçısının fevralın 9-da
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və
Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edərkən geniş müzakirə edildi. Prezident
İlham Əliyev həmin qəbulda Azərbaycanın beynəlxalq əlaqələrinin
coğrafiyasının genişlənməsindən, malik olduğu iqtisadi potensialdan
səmərəli istifadə edərək dünyanın enerji təhlükəsizliyinin təmin
olunmasına töhfələrindən, hazırda 16 ölkəyə qaz ixrac etməsindən,
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlardan,
hazırda malik olduğu bərpaolunan enerji potensialının yeni
əməkdaşlıq formatlarının yaradılmasına yol açmasından geniş bəhs
etdi. Bu reallıqlar fonunda vurğulandı ki, əlaqələrimizin
hərtərəfli inkişafı üçün böyük potensial var. Prezident İlham
Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə
bəyanatında isə bu reallığa diqqəti yönəltdi ki, Tramp-Vens
administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən
biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP
layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək,
o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi
vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı,
təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh
sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş
Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə
qədəm qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın müxtəlif
istiqamətləri əks olunur.
Vüqar Rəhimzadə bildirib ki, ABŞ-ın Vitse-prezidenti də bu inamı
ifadə etdi ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında tərəfdaşlıq
regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş
adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil
dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət
aparsınlar. Bu, ABŞ Prezidentinin missiyasının və xarici
siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və
bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji
tərəfdaşlıq sənədini imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirir və
çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri
dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam
edəcək.
Millət vəkili bu ümumiləşdirməni ifadə edib ki, strateji
tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ əməkdaşlığı
beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində önəmli rol
oynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam və
etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam
etdirəcəklər. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji
baxışı əks etdirir.

