Peyvənd uşaqları viruslardan necə qoruyur? – Səhiyyə Nazirliyinin pediatrı açıqladı

Baş səhifə

Bakı. Trend:

Peyvəndlər uşaqların sağlam böyüməsi və inkişafı üçün çox mühüm
əhəmiyyət daşıyır.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə
Cəfərova açıqlayıb.

Onun sözlərinə görə, uşaqlıq dövründə immun sistemi hələ tam
formalaşmadığı üçün onlar virus və bakterial infeksiyalara daha
həssas olurlar:

“Peyvəndlər bu infeksiyalara qarşı immunitet yaradaraq uşaqları
təhlükəli xəstəliklərdən qoruyur. Peyvənd vasitəsilə uşaq
xəstələnmir və ya xəstəliyi çox yüngül keçir. Qızılca, məxmərək,
poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısının
alınmasında peyvəndlərin rolu böyükdür. Bundan əlavə, peyvəndlər
kollektiv immunitetin formalaşmasına kömək edir. Bu, peyvənd oluna
bilməyən körpələrin və xroniki xəstəliyi olan uşaqların da
qorunmasını təmin edir. Peyvəndlər sayəsində uşaqlar daha az
xəstələnir, məktəbə davamiyyət artır və sağlam cəmiyyət
formalaşır”.




Pediatr qeyd edib ki, nəticə olaraq, peyvəndlər uşaqları ağır
fəsadlardan, əlillik riskindən qoruyan ən etibarlı və effektiv
sağlamlıq tədbirlərindən biridir:

“Qeyd etmək istərdim ki, peyvəndlər uzun illər aparılan elmi
araşdırmalar nəticəsində hazırlanır və ciddi nəzarət altında tətbiq
olunur. Yüngül qızdırma və ya inyeksiya yerində ağrı kimi hallar
müvəqqətidir və təhlükə yaratmır. Peyvənd olunmamağın riski isə
bundan qat-qat böyükdür. Uşaqlarımızın sağlamlığı bizim
məsuliyyətimizdir. Onları vaxtında peyvənd etdirməklə biz yalnız bu
günü deyil, onların gələcəyini də qorumuş oluruq. Sağlam uşaq —
sağlam ailə, sağlam cəmiyyət deməkdir”.

S.Cəfərova sonda valideynlərə müraciət edərək bildirib ki,
peyvənd cədvəlinə diqqətlə yanaşmalı, sualları yarandıqda həkimə
müraciət edərək və sağlam gələcək naminə doğru qərarlar verməklə
övladlarını xəstəliklərdən qorumuş olacaqlar:

“Bü mövsüm üçün Səhiyyə Nazirliyi tərəfindən təhlükəsiz və
yüksək keyfiyyətli qrip əlehinə vaksinlər Azərbaycana gətirilib və
vaksinasiyaya ötən ilin oktyabr ayından etibarən başlanılıb. Qripə
qarşı peyvənd bütün yaşayış üzrə ambulator poliklinik xidmət
göstərən müəssisələrdə ödənişsiz şəkildə aparılır”.