İki magistralı birləşdirən yeni nəqliyyat arteriyası (FOTO)

Baş səhifə

Bakı.Trend:

Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm bir
yol layihəsinin icrası davam edir. M1 Bakı–Quba–Rusiya Federasiyası
ilə dövlət sərhədi avtomobil yolu ilə M4 Bakı–Şamaxı–Yevlax
avtomobil yolunu birləşdirəcək yeni yol regionlararası əlaqələri
xeyli asanlaşdıracaq.

Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, yeni yolun inşası “Bakı şəhərində və ətraf
ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair
2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinə
uyğun olaraq aparılır.

Uzunluğu 29 kilometr olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil
yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa
edilir.

Yol boyu 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü, 3
açıq-qapalı tunel tipli yol ötürücüsünün və 2 yerüstü piyada
keçidinin tikintisi davam etdirilir.




Layihə üzrə həmçinin 12 düzbucaqlı keçidin, 28 ədəd dairəvi və
müxtəlif diametrli borunun, drenaj quyularının, müxtəlif ölçülü
drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının
quraşdırılması işləri də aparılır.

Bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun,
texnoloji ardıcıllıq və yüksək keyfiyyət prinsipləri əsasında icra
edilir.

Layihənin müəyyən edilmiş vaxtda başa çatdırılması üçün əraziyə
zəruri texnika və kifayət qədər işçi qüvvəsi cəlb olunub, işlər
təsdiqlənmiş qrafik üzrə aparılır.

Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində
yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan həm
şimal bölgəsi ilə (Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi
yolu), həm də respublikanın qərb bölgəsi ilə (Bakı–Şamaxı–Yevlax
yolu) daha rahat, sürətli və səmərəli nəqliyyat əlaqəsi qurmasına
imkan yaradacaq.