
Bakı. Trend:
Kanakinin (Yeni Kaledoniya) aparıcı müstəqillik tərəfdarı
koalisiyası FLNKS (Front de Libération Nationale Kanak et
Socialiste) 2025-ci ilin 3 fevral tarixində ictimaiyyətə Kanakinin
Fransadan tam müstəqilliyini tələb edən “Kanaki sazişi” adlı sənəd
ictimaiyyətə təqdim edib.
Trend xəbər verir ki, bu
barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, “Kanaki sazişi” sənədi Fransanın təşəbbüsü ilə
hazırlanmış və Kanakinin siyasi gələcəyini uzun illərdir davam edən
müstəmləkəçi status-kvo çərçivəsində saxlamağı hədəfləyən Bujival
sazişinə cavab olaraq, Fransa tərəfindən Kanaki xalqının öz
müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılmasını tənqid edən
siyasi cavab kimi çıxış edir, Kanakidə uzun illərdir davam edən
müstəmləkəçi idarəetmə modelinin və institutsional asılılıq
vəziyyətinin qorunub saxlanılmasına qarşı açıq və prinsipial
mövqeni ifadə edir.
Qeyd edək ki, Kanaki Sazişi 26 aprel 2025-ci il
tarixində FLNKS tərəfindən Kanakidə təşkil edilmiş konqres
çərçivəsində qəbul edilmişdir. Həmin konqres zamanı, Fransada
həbsdə olan hərəkat lideri Kristian Tein iştirakçıların diqqətinə
çatdırmışdır ki, müstəqilliyin müəyyən edilməsi yalnız konkret
tarix və aydın siyasi yol xəritəsi əsasında həyata
keçirilməlidir.
Sazişdə gələcək Kanaki dövlətinin dünyəvi, demokratik və suveren
respublika kimi formalaşdırılması nəzərdə tutulur. Sənəd
konstitusiya aktının hazırlanması və referendum yolu ilə
təsdiqlənməsi prosedurunu özündə ehtiva edir, eyni zamanda mövcud
institutların keçid dövründə müvəqqəti idarəetmə mexanizmi kimi
saxlanılmasını nəzərdə tutur. FLNKS hesab edir ki, Fransa,
Kanakinin 2027-ci ilə qədər müstəqilliyə aparan geri dönməz prosesi
qəbul etmədiyi müddətdə, mövcud institutlar üzərindən aparılan
dialoqlar və siyasi mexanizmlər real həll yolu rolunu oynaya
bilməz. Sənəd, Fransanın təşəbbüskarlığı ilə hazırlanan Bujival
sazişinə qarşı siyasi cavab olaraq, uzun illər boyunca Kanakidə
qorunub saxlanılan müstəmləkəçi status-kvonun dəyişdirilməsinin
zəruriliyini vurğulayır.
Qeyd: Bujival sazişi Fransanın Kanakidə kolonial
idarəçiliyini “yenilənmiş status”, “geniş muxtariyyət” və oxşar
anlayışlar çərçivəsində davam etdirməsinə xidmət edirdi. “Kanaki
sazişi” isə bu mövcud status-kvonun açıq şəkildə ləğvini və Kanaki
xalqının tam siyasi suverenliyinin əldə olunmasını əsas hədəf kimi
müəyyənləşdirir. Bujival sazişi müstəqilliyi qeyri-müəyyən və
uzunmüddətli, perspektivi olmayan siyasi prosesə çevirirdisə,
Kanaki sazişi konkret tarix, geri dönməz yol xəritəsi və beynəlxalq
səviyyədə, xüsusilə BMT çərçivəsində təminat tələb edir. Sənəd ilk
dəfə olaraq Fransa ilə Kanaki arasında münasibətlərin müstəqillik
əldə edildikdən sonra, iki bərabərhüquqlu suveren dövlət arasında
qurula biləcəyini açıq şəkildə bəyan edir. Muxtariyyət və ortaq
suverenlik kimi anlayışlar isə neokolonializm formaları kimi
qətiyyətlə rədd edilir.

