Bakı. Trend:
“Alman Dəmir Yolları” şirkəti Rayndland-Pfalts əyalətində bilet
yoxlayan əməkdaşın ölümünə səbəb olan hücumdan sonra qatarlarda
təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Berlində xüsusi
iclas təşkil edəcək.
Trend xəbər verir
ki, “Tagesschau” xəbər xidmətinə istinadən, iclasda regional sürət
qatarları və digər qatarlarda təhlükəsizliyin artırılması üçün
təxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi müzakirə
olunacaq.
İclasda hökumət, federal polis, regional nəqliyyat şirkətləri və
aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.
Qeyd olunur ki, son dövrlərdə ictimai nəqliyyatda, xüsusən dəmir
yolu vağzallarında və qatarlarda təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi tez-tez müzakirə mövzusu olub.
Dəmir yolu işçisinin ölümü ilə nəticələnən son hadisə
Kayzerslautern şəhəri yaxınlığında baş verib. 36 yaşlı, türk əsilli
konduktor sərnişinlərin biletlərini yoxlayarkən biletini
göstərməkdən imtina edən şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan
konduktor xəstəxanada vəfat edib. Hücumu törətməkdə şübhəli bilinən
şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Hadisədən sonra siyasətçilər, polis və həmkarlar ittifaqları
regional qatarlarda təhlükəsizlik əməkdaşlarının sayının
artırılmasını yenidən tələb ediblər.

