Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

2026-cı il yanvarın 31-də “Baku Marriott Hotel Boulevard”
mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK)
üzvlərinin növbəti konfransı keçirilib.

Trend xəbər verir ki,
konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və
respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil
qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət
göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV
nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil
Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil
Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də
ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbirin
gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son
illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə
vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib.
Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun
gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və
vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl
və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər
nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların
peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və
ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə
uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərin
fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına
əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin
modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı
vurğulanıb.

Həmçinin Anar Bağırov çıxışında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli
Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna
edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr
bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional
baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha
səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət
göstərir.




Daha sonra konfransda Kollegiyanın 2025-ci il ərzində həyata
keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş
olunub.

Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama
Komissiyasının tərkibi müəyyən edilib. Bununla yanaşı, Kollegiyanın
Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının
Əsasnamələrinə, eləcə də “Vəkillərin etik davranış qaydaları
haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı
məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Bundan başqa, tədbirdə VK-nın maliyyə-təsərrüfat fəaliyyəti üzrə
hesabatı və növbəti dövr üçün büdcəsi, “Üzvlük haqqının ödənilməsi
qaydası”, “Monitorinqin aparılması qaydası”, “Vəkil orderinin və
order markasının forması, hazırlanması və istifadə qaydası”, habelə
“Vəkil qurumlarının yaradılması qaydası” təsdiqlənib, habelə
vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris
tədbirlərinin minimal saat sayı müəyyən olunub.

Konfransda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı
əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu
məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar
tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan
suallar ətraflı şəkildə cavablandırılıb.