Kiprdə hərbi təlimlər zamanı 13 kiloqramdan çox trotil yoxa çıxdı

Baş səhifə

Bakı. Trend:

Kiprdə keçirilən hərbi təlimlər zamanı 13 kiloqramdan çox
trinitrotoluolun (trotil) itkin düşdüyü məlum olub.

Trend xəbər verir
ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
Kristofer Pyeris məlumat yayıb.

Onun sözlərinə görə, hadisə yanvarın 29-da Limassol vilayətinin
Kalo Xorio kəndində yerləşən hərbi poliqonda qeydə alınıb. Mühəndis
qoşunlarının təlimləri zamanı proqramda nəzərdə tutulan nəzarətli
partlayış baş tutmayıb. Təhlükəsizlik qaydalarına riayət edildikdən
sonra ərazi yoxlanılıb və iki partlayıcı qurğunun yerində olmadığı
müəyyən edilib.




Məlumata görə, itkin düşən qurğular raketlərin məhv edilməsi
üçün nəzərdə tutulub və ümumilikdə 30 funt, yəni təxminən 13,6
kiloqram trotil ehtiva edib.

Hadisədən sonra yanvarın 30-na planlaşdırılan təlimlərin ikinci
günü araşdırma yekunlaşana qədər təxirə salınıb.

Kipr mətbuatının yazdığına görə, Müdafiə Nazirliyində insidentin
böyük ehtimalla partlayıcı maddələrin oğurlanması ilə bağlı olduğu
istisna edilmir.