“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal
mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib,
eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award)
mükafatına layiq görülüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Dünya İqtisadi Forumu çərçivəsində mükafat
SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.

Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və
qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində
əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi
olduğunu vurğulayan SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat
naziri Mikayıl Cabbarov deyib: “SOCAR Karbamid” Azərbaycanda
fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən
ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award”
mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət
sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində
səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə
yüksək effektivliklə tətbiqinin nəticəsidir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: ““Rəqəmsal Mayak”
mükafatını alaraq “Qlobal Mayak” Şəbəkəsinə üzv qəbul olunması
şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni
zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və
əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə
səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin
azaldılmasını nümayiş etdirir. Biz SOCAR üzrə bu imkanların
miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı
əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam
edəcəyik”.




Son üç il ərzində həyata keçirilən sistemli transformasiya və
innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın
ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə
ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya
İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində
qiymətləndirmə aparılıb və nəticə olaraq “Qlobal mayak” Şəbəkəsinə
üzv qəbul edilib və “Rəqəmsal mayak” mükafatına layiq görülüb.

Qeyd edək ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və
“Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı
təqdim olunub. Eyni zamanda, “SOCAR Karbamid” Azərbaycanda
fəaliyyət göstərən müəssisələr arasında bu nailiyyəti qazanan ilk
zavoddur. Bununla yanaşı, müəssisə dünyada bu mükafatı əldə etmiş
ilk gübrə zavodudur.

Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses
təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə
yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR
Karbamid”in fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin
idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət
sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Mövcud avtomatlaşdırma
texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərindən
istifadə, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə
inkişaf etdirilməsi genişləndirilib.

Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də
real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı
inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü
Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı
həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom
proses” idarəetməsini, generativ süni intellekt və robototexnika
vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək
məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24%
yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon
emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış
dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların
70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin
olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə
təkmilləşmə işləri həyata keçirilib.

Xatırladaq ki, 2018-ci ildə təsis olunan “Global Lighthouse
Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq
edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü
Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən,
istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə
edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini
artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha
çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq
imkanı əldə edir. “Global Lighthouse Network” platforması üzv
müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni
əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.