Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in baş direktoru
Oliver Blume şirkətin 2030-cu ilədək 50 min iş yerinin ixtisarını
nəzərdə tutan proqramını təsdiqləyib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Blume səhmdarlarla keçirilən virtual görüşdə avtomobil
sənayesində rəqabətin və iqtisadi təzyiqlərin artdığını
bildirib.
Onun sözlərinə görə, “Volkswagen”in uzun illər uğur gətirən
biznes modeli artıq mövcud şəraitə uyğun deyil və şirkət
fəaliyyətini yeni bazar tələblərinə uyğunlaşdırmalıdır.
Şirkət rəhbəri qeyd edib ki, əsas brend üzrə planlaşdırılan 35
min ixtisardan 19 mininin 2026-cı ilin sonunadək həyata keçirilməsi
nəzərdə tutulur. Hazırda 28 min əməkdaşın könüllü şəkildə işdən
ayrılması təsdiqlənib.
Blume, həmçinin bildirib ki, şirkət Avropa və Çində istehsal
güclərini azaltmağı planlaşdırır. Bu addımların məqsədi xərclərin
optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılmasıdır.

