
Bakı. Trend:
Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında oynadığı rol keyfiyyətcə ciddi transformasiyaya
məruz qalıb. Əvvəlcə ölkə əsasən enerji resurslarının tədarükü üçün
alternativ mənbələrdən və marşrutlardan biri kimi nəzərdən
keçirilirdisə, bu gün Azərbaycan faktiki olaraq Avropa qitəsinin
əsas, hətta əvəzolunmaz enerji tərəfdaşlarından birinə
çevrilib.
Cənub Qaz Dəhlizi formalaşma mərhələsində ilk növbədə
şaxələndirmə elementi kimi qəbul olunurdu – Avropanın məhdud sayda
təchizatçı və marşrutlardan asılılığını azaltmaq vasitəsi kimi.
Lakin Azərbaycan həmin dövrdə üzərinə daha geniş məsuliyyət
götürərək təkcə qaz mənbəyi kimi deyil, Xəzər dənizi regionunu
Avropa ilə birləşdirən dayanıqlı transregional enerji
infrastrukturunun yaradılmasının təşəbbüskarı və təminatçısı kimi
çıxış etdi. Cənub Qaz Dəhlizinin reallaşdırılması Bakının
uzunmüddətli perspektivdə irimiqyaslı öhdəlikləri yerinə yetirməyə,
qlobal turbulentlik şəraitində belə tədarükün sabitliyini təmin
etməyə qadir olduğunu sübut etdi.
Azərbaycanın keyfiyyətcə yeni rolu 2022-ci ilin fevralından
sonra, Avropanın misilsiz enerji böhranı ilə üzləşdiyi dövrdə daha
aydın şəkildə özünü büruzə verdi. Qaz qıtlığının kəskinləşdiyi və
qiymətlərin sürətlə artdığı şəraitdə məhz Azərbaycan enerji
qeyri-sabitliyi təhlükəsi ilə üz-üzə qalan ölkələrə operativ dəstək
göstərdi. Bakı təkcə qüvvədə olan bütün müqavilələr üzrə
öhdəliklərin yerinə yetirilməsini təmin etmədi, həm də zərurət
yarandıqda tədarükün artırılmasına hazır olduğunu bəyan edərək
etibarlı və məsuliyyətli tərəfdaş imicini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya
kanallarına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın qaz ixracı
həm həcm, həm də coğrafi əhatə baxımından artmaqdadır.
“Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla
təchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz
əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu,
bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata
başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə
Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə
dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi
əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə
bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu
qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir”,- deyə
Prezident İlham Əliyev bildirib.
Bu göstəricilər Azərbaycanın qlobal enerji bazarındakı
mövqeyinin unikal xarakterini açıq şəkildə nümayiş etdirir və onun
alternativ təchizatçı rolundan sistemyaradıcı oyunçu statusuna
keçidini təsdiqləyir. Eyni zamanda, ölkənin ixracın daha da
genişləndirilməsi üçün bütün zəruri resursları mövcuddur. Yaxın
vaxtlarda “Azəri–Çıraq–Günəşli” yatağının dərin sulu hissəsindən
qaz hasilatına başlanılması,“Şahdəniz” Kompressiya (ŞDK)
layihəsinin həyata keçirilməsi, həmçinin “Babək” və “Abşeron”
yataqlarının inkişafı gözlənilir.
Dəyəri 2,9 milyard ABŞ dolları olan “Şahdəniz” Kompressiya
layihəsi “Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsidir.
Layihənin əsas məqsədi lay təzyiqi aşağı olan ehtiyatlardan qaz
hasilatını təmin etməklə onları istismara yararlı hala gətirmək və
qazın maksimal hasilat əmsalına nail olmaqdır. Gözlənilir ki,
layihənin reallaşdırılması əlavə olaraq təxminən 50 milyard kubmetr
qazın və təqribən 25 milyon barel kondensatın hasilatı və ixracına
imkan verəcək.
“Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində
pik səviyyədə gündəlik hasilat 12,7 milyon kubmetr qaz (ildə 4,5
milyard kubmetr ekvivalentində), eləcə də günə 37 min barel
kondensat təşkil edəcək. İkinci faza üzrə hasilata başlanılması
2028-ci ilin sonu – 2029-cu ilin əvvəllərinə planlaşdırılır.
İlkin qiymətləndirmələrə görə, perspektivli “Babək” strukturu
üzrə ehtiyatlar 400 milyard kubmetr qaz və 80 milyon ton kondensata
çata bilər ki, bu da Azərbaycanın uzunmüddətli ixrac potensialını
əhəmiyyətli dərəcədə gücləndirir.
Paralel olaraq ölkə “yaşıl enerji” sahəsini fəal şəkildə inkişaf
etdirir ki, bu da daxili enerji balansının optimallaşdırılmasına və
ixrac üçün əlavə təbii qaz həcmlərinin azad olunmasına imkan
yaradır. Eyni zamanda Azərbaycan enerji keçidinə realist və
praqmatik yanaşma nümayiş etdirir və anlayır ki, qısamüddətli
perspektivdə bərpa olunmayan yanacaq növlərindən tam imtina enerji
təhlükəsizliyi üçün ciddi risklər olmadan mümkün deyil. Bərpa
olunan enerji mənbələrinin inkişafı ilə yanaşı ənənəvi energetikaya
yatırımlar həm ayrı-ayrı ölkələrin, həm də bütöv regionların
sabitliyinin təmin olunması üçün zəruri şərt kimi
qiymətləndirilir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qazla zəngin
ölkələrin məsuliyyətli yanaşmasını Azərbaycan və digər bir sıra
dövlətlər nümayiş etdirir – böyük neft və qaz ehtiyatlarına malik
olmaqla yanaşı, onlar “yaşıl enerji”yə da sərmayə yatırırlar.
“Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar
ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və
praqmatik, realist yanaşma əsas götürülməlidir”,-ndeyə Prezident
İlham Əliyev bildirib.
Bu kontekstdə son illər fosil yanacaq layihələrinin
maliyyələşdirilməsindən imtinanı fəal şəkildə təşviq edən
beynəlxalq maliyyə institutlarının yanaşmalarına yenidən baxılması
xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərdi ki, qaz
infrastrukturuna investisiyalar olmadan nə enerji təchizatının
sabitliyini təmin etmək, nə də “təmiz enerji”yə ardıcıl keçidi
reallaşdırmaq mümkündür. Bu səbəbdən belə qərarlar enerji
təhlükəsizliyinə zərər vurmaq hesabına qəbul edilməməlidir.
Gələcək inkişafın mühüm istiqamətlərindən biri də mövcud qaz
infrastrukturunu üzvi şəkildə tamamlayan və “təmiz enerji”nin
ixracı üçün əsas yaradan “yaşıl enerji dəhlizləri”dir. Bunlara
“Xəzər – Qara dəniz – Avropa”, “Mərkəzi Asiya – Azərbaycan”,
“Azərbaycan – Türkiyə – Avropa” və “Azərbaycan – Gürcüstan –
Türkiyə – Bolqarıstan” marşrutları daxildir. Bu layihələr
Azərbaycanın regionlar və bazarlar arasında əsas birləşdirici həlqə
kimi rolunu daha da gücləndirir.
Beləliklə, əvvəlcə enerji resurslarının tədarükü və
marşrutlarının şaxələndirmə mənbəyi kimi nəzərdən keçirilən
Azərbaycan artıq bu gün Avropa və onun hüdudlarından kənarda
əvəzolunmaz tərəfdaşa çevrilib. Gələcəkdə bu rol daha da
möhkəmlənəcək və etibarlı qaz tədarükü, infrastrukturun inkişafı və
“təmiz enerji”nin ixracının vəhdəti hesabına getdikcə daha kompleks
xarakter alacaq.

