
Bakı. Trend:
İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti
səbəbindən “Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe”
tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla
yekunlaşıb.
ASCO-dan Trend-ə verilən məlumata görə, əməliyyat zamanı kənar
xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki,
“Kəlbəcər” tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz
sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.
“Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər
hansı zərər və ya sızma qeydə alınmayıb.
Hazırda “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər
üçün təlimat gözləyir”,-deyə qurumdan əlavə olunub.
xxx
13:52
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda
müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər”
tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe”
tankerinin pərinə ilişib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətindən (ASCO) məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara
məlumatlandırılıb. Mövcud təlimata uyğun olaraq, liman
müfəttişliyinin heyəti əraziyə cəlb olunub:
“Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq
texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə
buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı
gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı
hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı
ətraflı məlumat veriləcək”, – QSC-nin məlumatında qeyd olunub.
13:52
xxx
İstanbulun Bakırköy Florya sahillərində Azərbaycan və Türkiyə
bayrağı altında üzən iki tanker təcili yardım siqnalı verib. Hadisə
yerinə dərhal xilasetmə qrupları göndərilib.
Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur
Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
““Küçükçekmece” lövbər sahəsində 141 metr uzunluğundakı “Kəlbəcər” tankeri ilə 115 metr uzunluğundakı “Alatepe” tankerinin
bir-biri ilə toqquşması barədə məlumat daxil olub. Gəmilərin sahilə
yaxın məsafədə olması səbəbilə Nazirliyimizin tabeliyində olan
Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus quru xilasedici
(canqurtaran) qrupu və “KURTARMA-9″ yedək gəmisinin hadisə yerinə
dərhal göndərilməsi təmin edilib”, açıqlamada qeyd olunub.

