
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai
Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi
münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf”
İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində
həyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirak
ediblər. Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuş
tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlər
müzakirə edilib.
Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab Prezidentin
çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə
sürətlə inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurlu
əməkdaşlıqda da özünü göstərir. Bundan başqa tədbir iştirakçıları
cənab Prezidenti fürsətdən istəfadə edib doğum günü münasibətilə
təbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərin
minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin
könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin
gücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasında
mühüm rol oynadığı vurğulanıb.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illik
fəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə
görülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.
Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilən
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai
Birliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf”
İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın
daha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və
gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdə
tutulur.
Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda
ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması,
abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif
ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən
olunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla
koordinasiyalı işlər görülüb.
Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış
massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata
keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun
yaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıq
sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və
icrası təmin olunub.
Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətində
görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən
edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib.
“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə
keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara
aqrotexniki qulluq göstərilib.

